Polislərin xilas etdiyi cüyür öldü

 14:13 03.09.2019     531

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının halsız şəkildə aşkar edərək bölməyə gətirdiyi cüyür ölüb.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, cüyürün təbiətə qaytarılması məqsədilə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Cüyürü təhvil alan əməkdaşlar heyvanın xarici görünüşündə hər hansı bir vəhşi heyvan tərəfindən yaralanma halının müşahidə edilmədiyini bildirib. Halsız cüyür baytar həkimlər tərəfindən müayinə olunub və müayinə nəticəsində canlının daxili orqanlarının zədələndiyi, müxtəlif sümüklərinin sındığı məlum olub.

Bütün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə baxmayaraq, yaralı heyvanı xilas etmək, təəssüf ki, mümkün olmayıb. Cüyürün yüksəklikdən düşərək yaralandığı güman edilir.

Xatırladaq ki, ötən gün Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman meşəlik ərazidə halsız vəziyyətdə olan cüyürlə rastlaşmış və bu vəziyyətə biganə qalmayaraq, köməksiz canlını polis şöbəsinə gətirmişdilər.