S.Novruzov "dosye"ni prokurorluğa təqdim etməsə... - QANUN NƏ DEYİR?

Son günlər kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun bəzi sabiq nazirləri tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələri ilə bağlı açıqlaması gündəmi zəbt edib. Məsələnin maraqlı tərəflərindən biri odur ki, Novruzov eks-nazirlərlə bağlı dosyenin masası üzərində olduğunu deməsidir.
Baş Prokurorluq tərəfindən saytımıza verilən açıqlamada, deputatın səsləndirdiyi fikirlərlə bağlı hər hansı araşdırmaların aparılmadığı bildirilib.
Maraqlıdır, niyə Siyavuş Novruzov əlində olan faktları hüquq mühafizə orqanlarına təqdim etmir?
Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov Redaktor.az-a danışıb. Vəkil bildirib ki, Siyavuş Novruzov kifayət qədər siyasi çəkisi olan bir şəxsdir:
“Lakin buna baxmayaraq o da bizim kimi Azərbaycan Respublikasının vətəndaşıdır. Vəzifəsindən asılı olmayaraq, hər hansı bir ittihamı səsləndirən şəxs, bununla bağlı sübutlar təqdim etməlidir. Onun masasının üzərində hər hansı sübutların olub-olmamasına nə mən, nə də hər hansı bir şəxs qiymət verə bilər. Bu halda istənilən vəziyyətdə həmin şəxs siyasi mövqeyindən və digər arqumentlərindən asılı olmayaraq, əlində olan sübutları prokurorluğa təqdim etməlidir. Prokurorluqda bu haqda səhih məlumat olandan sonra, cinayət işi başlaya bilər. Əks halda istənilən vəzifəli və qeyri-vəzifəli şəxsin bu cür ittihamlar səsləndirməsindən sonra, prokurorluğun cinayət işi açması absurddur. Faktiki hallar sübut olunandan sonra cinayət işi açıla bilər”.
X. Bəşirov vurğulayıb ki, YAP-ın funksionerinin açıqlamalarında çox ciddi ittihamlardan söhbət gedir:
“Rüşvət almaq, vəzifə saxtakarlığı, xaricdə olan antiazərbaycan qüvvələrinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının dövlətçiliyi əleyhinə, Azərbaycan Respublikasının Prezidenti barədə qeyri-dəqiq məlumatlar yaymaq kimi ciddi ittihamlar irəli sürür. Burada külli miqdarda məbləğdən söhbət gedir. Rüşvət almaqla bağlı qanunvericilikdə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Sadəcə millət vəkili burada konkret ad çəkmədiyi üçün bu ittihamların kimə şamil olunmasının proqnozunu vermək olmur. Yəni hər hansı bir ad çəkilsə, onunla bağlı Prokurorluq araşdırma apara bilər. Ümumi şəkildə səsləndirilən fikir olduğuna görə Prokurorluğun cinayət işinə başlaması Azərbaycan qanunvericiliyinə görə mümkünsüz görünür. Digər tərəfdən burada vəzifə saxtakarlığı ilə bağlı da ittihamlar var. Vəzifə saxtakarlığına görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda həmin şəxslərin xaricdə yaşayan antiazərbaycan qüvvələrinə maliyyə ayırması ilə bağlı ittihamlar da olduqca ciddidir. Dövlət əleyhinə yönələn açıq çağırışlar səsləndirilməsinə səbəb olan şəxslər barədə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Antiazərbaycan qüvvələrə məlumatları verən, maliyyələşdirən “sabiq”lər dövlətə xəyanət maddəsi ilə də həbs oluna bilərlər. Deməli, Siyavuş Novruzovun ittiham etdiyi “sabiq”lərlə bağlı qeyd etdiyim maddələrlə cinayət işi başlanıla bilər. Təbii ki, qeyd olunan dosye Prokurorluğa təqdim olunacağı halda, bütün bunlar baş verəcək. Dosye təqdim olunmursa, bu cür məlumatları yaymaq mənasızdır”.
Vəkil digər maraqlı nüansa da diqqət çəkib:
“Konkret adlar çəkilsəydi, adları çəkilən şəxslər Novruzova qarşı iddia qaldıra bilərdilər. Azərbaycan qanunvericiliyinə görə, ittihamlar konkret şəxs barəsində olmalıdır.
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində belə bir maddə var: Bilə-bilə yalan xəbərçiliyi etmə. Bilə-bilə hər hansı şəxsi ağır və yaxud da xüsusilə ağır cinayət törətməkdə yalan xəbərçilik etməklə ittiham edən şəxslərə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, Siyavuş Novruzov konkret ad çəksəydi, mümkün olardı. Ümumilikdə söylənən fikirlərə qarşı addım atmaq mümkün olmur. YAP funksionerinin ittihamları ilə bağlı açıqlama verən “sabiq”lərdən heç biri bu ittihamları öz üzərinə götürmədi. Deməli bu halda qeyd etdiyim müddəanın da dövriyyəyə girməsi absurddur. Hər bir halda Azərbaycan qanuvericiliyinə görə, S. Novruzovun ittihamlarına qarşı Baş Prokurorluqda cinayət işi açılması mümkün olmur”.
Ümumiyyətlə, istənilən Azırbaycan vətəndaşı əlində olan bu tip “dosye”ni özü Prokurorluğa təqdim etmədiyi halda, onu hansısa cəza gözləyir?
“Vəzifəsindən asılı olmayaraq, kiminsə əlində bu cür cinayətlərlə bağlı ciddi sübutları varsa, bunu hüquq mühafizə orqanlarına təqdim etməyə borcludur. Təqdim etmirsə, artıq o, cinayəti bilib xəbər verməmə maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən, cinayət barədə xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayətlərin hazırlanması və ya törədilməsini bilərək xəbər verməməyə görə 1500-2500 manata qədər cərimə və ya 2 ilə qədər müddətə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətməyə görə 3 il və ya 2-5 il müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Firuzə Vahid / REDAKTOR.AZ