"S.Novruzov söz xatirinə söz deyən insan deyil" - E.Nəsirov: "Bəziləri fikirlərə don geyindirir"

 17:37 12.09.2019     24478

Son günlər, müxalifətdən hakimiyyət düşərgəsinə keçənlər və “altına milyardlar yığıb, indi hakimiyyəti müdafiə etməyən” keçmiş nazirlər barədə müzakirələr səngimək bilmir. Bəziləri bunu xarici təpkilərin artması və bu "artım"da istifadə olunan, xaricdə yaşayan Azərbaycanlıların fəallaşması, bəziləri isə hakim komanda daxilində ziddiyyətlərin artımı ilə izah edir.  

Məsələ ilə bağlı YAP-çı deputat Elman Nəsirov Redaktor.az-a danışıb.

Millət vəkili hesab edir ki, partiya daxilində olan ayrı-ayrı şəxslərin səsləndirdiyi fikirlərin ixtilaf kimi təqdim edilməsi qəbuledilməzdir:

“YAP Azərbaycan siyasi sisteminin yaranmasında və formalaşmasında müstəsna rola malikdir. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Partiyada əslində mahiyyət etibarı ilə heç bir şey baş vermir. Partiyanın ayrı-ayrı deputatlarının müstəqil şəkildə öz fikrini ifadə etmək hüququ var. Yəni partiya daxilində anlaşılmazlığın, parçalanmaların olması ilə bağlı iddialar həqiqəti əkd etdirmir. YAP monolit partiyadır. Burada başqa məna axtarmaq, baş verənlərə başqa rəy vermək həqiqətə uyğun deyil. İqtidardaxili qarşıdurma ilə bağlı yanaşma kökündən yanlışdır. İqtidar daxilində heç bir təfriqə, ziddiyyət yoxdur. Bəziləri iqtidar daxilində fikir sərbəstliyinə don geyindirməyə çalışır. Əlbəttə biz çox istəyərdik ki, partiyanın sıralarında vaxtı ilə olmuş şəxslər, məmurlar hətta vəzifədə olmadığı müddətdə də dövlətə, dövlətçiliyə hər zaman bağlı olsunlar”.

Millət vəkili həmkarı Siyavuş Novruzovun qalmaqallı açıqlamalarına da münasibət bildirib:

“Siyavuş müəllim partiya icra katibinin müavinidir, Milli Məclisdə Komitə sədridir, nüfuzlu bir ictimai-siyasi xadimdir, ona görə də o bu və ya digər fikri söyləyərkən malik olduğu faktlara, arqumentlərə söykənir. Ona görə də, bütün bunlar Siyavuş müəllimin mövqeyidir. Mən Siyavuş Novruzovu yaxşı tanıdığımdan bilirəm ki, o heç bir zaman havadan söz söyləməz. Yəni Siyavuş müəllim sadəcə söz xatirinə söz deyən insan deyil. Əlində tutarlı faktları, arqumentləri olmasa o, belə bəyanat verməz. Çünki kifayət qədər ciddi adamdır. Məsələnin detalları haqqında da yalnız o özü daha düzgün məlumat verə bilər. Eldar İbrahimov da YAP-ı yaradan şəxslərdən biridir və ulu öndərin ən yaxın silahdaşlarından biri olub. Onun partiyanın yaranmasında da müstəsna xidmətləri var. E. İbrahimov bu və ya digər fikir söyləyəndə özünün bildiyi həqiqətə əsaslanır. Amma bu həqiqətlərin bütövlükdə partiyanın mövqeyi kimi dəyərləndirilməsi düzgün deyil. Siyavuş Novruzovun səsləndirdiyi ittihamların araşdırılması prosesində həqiqət ortaya çıxacaq. Bundan sonra konkret olaraq mövqe ifadə edə bilərik. Belə olan vəziyyətdə, adekvat addımların atılması artıq labüd olacaq”.

Millət vəkili vurğulayıb ki, YAP-ın sıralarında növbəti parlament seçkilərində dəyişikliklər olacaq:

“YAP hər zaman yenilikçi partiya olub. Hər seçkidə partiyanın sıraların yeni-yeni insanlar gəlir. Partiya yenilikləri çox normal qəbul edir. Digər tərəfdən, seçimi xalq edir. Gələcək parlament seçkilərində YAP-ın sıralarında da bu və ya digər dəyişikliklərin olmasına qərar verən xalq olacaq. Necə ola bilər ki, dünya, geosiyasi reallıqlar dəyişsin, amma YAP-da dəyişikliklər olmasın?! Partiya siyasətində ölkə xaricində və daxilində olan reallıqları nəzərə alır.

Partiyanın tərkibində 750 min insan var. Bu insanların hər birinin də külli halında partiyanın siyasi kursu ilə bağlı yekdil mövqeyi var. Parlamentdə bu insanların içərisində olanlardan ən yaxşıları təmsil olunmalıdır. Bunu qəbul etmək lazımdır. İstənilən halda növbəti seçkilərdə bu və digər dəyişikliklərin olması istisna deyil” 

Firuzə Vahid / REDAKTOR.AZ