Böyük torpağın kiçik parçalarıyıq biz

 11:45 20.09.2019     42245

Babası Afrikadan gəlmiş biri də, əgər, bu torpaqda doğulub, onun havası, suyu, çörəyi ilə böyüyübsə, o, artıq bu torpaqlaşıb. Yəni bu torpaqdan yaranıb, sayılır. Yəni, materialı bu torpaqdandı. Azərbaycan torpağından.

Bizimsə ulu babalarımızın babalarının da əti, qanı, sümüyü bu torpaqdandı, necə ki, onların da babalarının materialı bu torpaqdandı. Niyə də canımız kimi sevməyək bu Məmləkəti…

Hər birimiz bütün varlığımızla dərk etməliyik ki, ruhumuzu içində saxlayan sadəcə dəri, ət, sümük deyil, içdiyimiz suyun, udduğumuz havanın, meyvəsini yediyimiz, kölgəsində dincəldiyimiz ağacların - bir sözlə, üstündə gəzdiyimiz torpağın bir parçasıdı. Biz anlamalıyıq ki, əslində "can şirin şeydi" deyəndə, həm də "torpaq, Məmləkət şirin şeydi" demiş oluruq. Bunu anlamaqla biz, canımıza olan sevgini həm də Məmləkətə aid etmiş olarıq. Bir var, sadəcə Məmləkəti sevmək, bir də var, Onu canının parçası, həm də böyük parçası kimi şirin bilmək. Anlamaq ki, mən Tamın bir parçası, Bütövün hissəciyiyəm. Onun acısını canında hiss edəcək, Onun acımasından qorxacaq qədər anlamaq yəni. Elə hiss etmək, elə sevmək ki, Məmləkətin canı yananda bunu həm də sənin üstündə gəzdirdiyin torpaq duysun yəni.

Belə olanda Sən bütün fərdi ambisiyalarından (illah da siyasi) imtina edirsən. Səni ümuminin dərdi daha çox düşündürür. Hamının dərdi yəni. Çünki anlayırsan, tək Sən yox, ətrafdakı hər kəs bu torpağın bir parçasıdır. Gec-tez böyük torpağın özünə qaytarılacaq kiçik parçası. Sən bunu anlayanda və tərəddüdsüz inananda bütün kiçik torpaq parçalarının həmrəyliyini arzulayırsan. Elə bir həmrəylik ki, hamını birlikdə böyük torpağı daha da böyüdəcək, yaşadacaq harmonik canlıya çevirsin…

Bu arzu ilə yaşayanda, bu hədəfə can atanda bütün şəxsi mənfəətlər əhəmiyyətini itirir. Səni, kiçik torpaq parçası olaraq, böyük torpağın rifahı düşündürür. Belə qüşüncələrdə xəyanətə, nəfsə yer olmur. Onda Sən Məmləkətini təkcə rüşvətxordan, quldurdan, satqından yox, həm də qaragüruhdan, cahildən, nadandan qorumağa çalışırsan. Onda Sən böyük torpağı ağıllı savadlılara etibar etmək istəyirsən. Məhz onda Sən gerçək mübarizəyə hazır biri sayılırsan. Onda Sənin gözlərin də beyninə və qəlbinə əsl həqiqətin şəkillərini ötürür. Onda Sən nadanların, nadürüstlərin yox, Məmləkətin yanında olursan. Onda Sənin bütün şəkillərində kiçik torpaqla böyük torpaq yanaşı görünür. Və bir - birindən heç fərqlənmirlər bu torpaqlar. Necə ki, bir ovuc Məmləkət torpağı ilə bütün Məmləkət bir birindən fərqlənmir, eləcə də Səninlə üzərində dayandığın torpağın dadı, duzu bir - birindən fərqlənmir.

Və bunu bacaranda Sən hər kəsin kiçik torpaq olduğunu anlamağa çağırırsan. Deyirsən, gəlin hamımız gerçək kiçik torpaqlar olaq. Deyirsən, buna böyük torpağın çox ehtiyacı var. Üstəlik, - indi lap çoxdu bu ehtiyac-deyirsən…