"Azərbaycanda məktəbəqədər hazırlıq səviyyəsi 75 faizədək qalxıb"
"Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA) iki əsas sahəyə - qiymətləndirmə və qərarverməyə diqqət ayırır".
Redaktor.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransında (IAEA 2019) çıxışı zamanı bildirib.
Qiymətləndirmə üçün informasiyanın vacib olduğunu qeyd edən nazir bildirib ki, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemində vacib rol oynayır: "Ölkədə sosial və iqtisadi dəyişiklik təhsil sisteminin daha da təkmilləşdirilməsini tələb etdiyi üçün Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Bu strategiya təhsilin araşdırılması mərkəzlərinin inkişafı, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının təmin edilməsi və təhsilin beynəlxalq standartlara cavab verməsinə yönəlib. Biz təhsilin hər kəs üçün əlçatan olması və bərabərliyi istiqamətində böyük uğurlar qazanmışıq. Təhsilin qiymətləndirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə sistemlərində iştirak edib".
Nazir bildirib ki, təhsildəki problemləri araşdırmaq, inkişafı müəyyənləşdirmək və müvafiq strategiyanın hazırlanması üçün bu sistemlərin rolu əvəzsizdir.
Qiymətləndirmə ilə bağlı problemlərə toxunan nazir bildirib ki, bərabərlik və təhsilin əlçatan olması ev şəraiti, ailənin sosial və iqtisadi vəziyyəti ilə bağlıdır və bunlar məktəbdə iştiraka təsir edən amillərdir: "Milli və beynəlxalq qiymətləndirmələrə görə, şagirdin akademik sahədə nailiyyəti onun məktəbəqədərki hazırlığı ilə sıx bağlıdır. Son illərdə məktəbəqədər hazırlıq səviyyəsi 24 faizdən 75 faizədək qalxıb". Mərkəzləşdirilmiş imtahan sisteminin vacib rol oynadığını deyən nazir bu sistemin şəffaflıq gətirdiyini qeyd edib: "Milli kurikulum sistemi gələcək əmək bazarının tələblərinə və sosial rifaha köklənib. İnnovasiyalar və texnologiya sahəsində sürətli dəyişikliklər mili təhsil sistemi üçün çətinlik olaraq qalır. Bunlardan biri də kağız üzərindəki imtahanlardan kompüter əsaslı imtahanlara keçiddir".