“STM dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işini aparmalıdır”

 13:53 24.09.2019     314

“Azərbaycanda yalnız son islahatlar paketi 5 milyard manat həcmində olmaqla, 4 milyon insanı əhatə edir”.
 
Redaktor.az-ın məlumatına görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az” saytının təqdimatında Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib.

S. Yusifovanın sözlərinə görə, məhz institsuional və sosial transformasiyanın nəticəsidir ki, Azərbaycan Prezidentinin sosial innovasiya layihəsi olan ASAN Xidmət çox qısa müddətdə insanların rəğbətini qazana bilib, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq, şəffaflıq anlayışları ilə assosiasiya olunmağa başlayıb və dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıdıb: “Növbəti belə layihə DOST layihəsidir. Bu islahatlar cəmiyyətin daxilində ümumilikdə dəyərlər sistemini dəyişdirir. Dövlət, cəmiyyət və vətəndaşların  qarşılıqlı əlaqəsinə, qarşılıqlı sosial məsuliyyətinə yeni keyfiyyətlər gətirir. Vətəndaş-cəmiyyət-dövlət üçbucağını gücləndirir. Azərbaycan dövlətçiliyi məhz bu üçlü əlaqənin, onun sinxronluğu üzərində qurulub. Sosial Tədqiqatlar Mərkəzinin yaradılması da bu islahatların tərkib hissəsidir”.

Şöbə müdiri qeyd edib ki, Mərkəzin loqotipində cəmiyyət daxilində qarşılıqlı əlaqələr ehtiva olunub: “Sosial tədqiqatlar ictimai-siyasi prosesləri, onlara təsir edən amilləri bu cür bütöv şəkildə öyrənməyə, cəmiyyətin gözləntilərini dəyərləndirməyə, həll yolları tapmağa imkan verir. Müasir effektiv dövlət idarəetməsi ictimai rəy öyrənilmədən mümkün deyil. İctimai rəyin öyrənilməsi işi klassik üsullarla yanaşı, mütərəqqi, araşdırma metodları və innovativ texnologiyalardan istifadə etməklə təşkil edilməlidir. İctimai rəydə olan dəyişiklikləri çevik müəyyən etmək imkanında olmalıdır. Lakin sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsi, cəmiyyəti narahat edən məsələlərin müəyyən edilməsi və onların həlli ilə bağlı təkliflərin verilməsi, islahatların doğurduğu nəticələrin təhlili, qiymətləndirilməsi və növbəti yeni təkliflərin verilməsi ilə kifayətlənməməlidir. Sosial tədqiqatlar həm də bu islahatların, dəyişikliklərin cəmiyyət tərəfindən necə qarşılanmasına, islahatların təşkil edilməsinə hədəflənən institutdur. Başqa sözlə, Sosial Tədqiqatlar Mərkəzi yalnız klassik mövqedən çıxış edərək cəmiyyətin mövqeyini öyrənməklə kifayətlənməməli, dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işini aparmalıdır”.

S. Yusifova bildirib ki, aparılan tədqiqatların nəticələri dövlət üçün nə qədər önəmlidirsə, vətəndaş və cəmiyyət üçün də bir o qədər faydalı və informativ olmalıdır: “İnsanlar öz növbəsində atılan addımlara respontiv yanaşmalıdır. Vətəndaş mövqeyini aktiv şəkildə bildirməlidirlər. Müsbət transformasiyanın iştirakçısına çevrilməlidirlər, sosial məsuliyyətlərini dərk etməlidirlər. Bu baxımdan kommunikasiya qarşılıqlı xarakter daşıyır. Dövlət vətəndaşının yanında olduğu qədər, vətəndaş da dövlətinin yanında olmalıdır. Bu islahatların, dəyişikliklərin həyata keçirilməsinə öz müsbət təşəbbüsləri ilə töhfə verməlidirlər. Sosial Tədqiqatlar Mərkəzi vətəndaş cəmiyyəti institutları, digər araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq etməlidirlər. Hesabatların hazırlanmasında etibarlı mənbəyə çevrilməlidir. Həmin təşkilatlar da mərkəzə dəstək olmalıdırlar. Belə əməkdaşlıq ictimai maraqlar baxımından olduqca vacibdir. Çünki vətəndaş-cəmiyyət-dövlət kommunikasiyası proseslərə çevik münasibət bildirməyə, sosial dinamikanın perspektivini müəyyən etməyə imkan verir”.