“Rafael Cəbrayılov öz hüququndan istifadə edərək parlamentə müraciət edib”

 15:15 30.09.2019     2396

“Rafael Cəbrayılov öz hüququndan istifadə edərək mandatından imtina etməklə bağlı parlamentə müraciət edib”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, millət vəkilinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq: “Bundan sonra isə Rafael Cəbrayılovun mandatından imtina edilməsi ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanıb, Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.

Qeyd edək ki, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.//Apa.az