Milli Məclisdə BU YERLƏR boşdur - SİYAHI

Milli Məclisin Hüquq siyasəti və dövlət qoruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun parlamentə mandatından imtina etməsi ilə bağlı müraciətindən sonra boş qalan deputat yerlərinin sayı 7-ə qalxıb.
Redaktor.az bildirir ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatları dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); deputat səlahiyyətlərini itirir.
Bundan öncə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamından sonra Milli Məclisdə bəzi deputat yerləri boş qalmışdı.
Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkə prezidentinin sərəncamı ilə 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildən sonra onun millət vəkili kimi səlahiyyətlərinə xitam verilmişdi.
Millət vəkili Astan Şahverdiyevin aprelin 15-ində vəfatından, Nazirlər Kabinetinin yeni tərkibində yer alan Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri), Fuad Muradov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi) və Muxtar Babayevin (Ekologiya və Təbii Sərvətlər naziri) deputat fəaliyyətinə xitam verilməsi ilə boşalan deputat yerləri 6-ya yüksəlmişdi.
Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini 300 min manat borc qarşılığında girov qoyması ilə gündəmə gəlib. R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
Firuzə Vahid / REDAKTOR.AZ