DTX Qusarda konfrans keçirib - FOTOLAR

 13:53 02.10.2019     298

Bu gün Qusarda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin (BATM) təşkilatçılığı ilə “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında konfrans keçirilib.

Redaktor.az-ın verdiyi məlumata görə, tədbirdə rayon ictimaiyyətin nümayəndələri, gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov konfransı açaraq, gənc nəslin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

DTX BATM-in rəisi Rəşad Camalov konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, konfransın əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunmasında, cəmiyyətə yad təsirlərin qarşısının alınmasında, terrorçuluğa qarşı mübarizədə əhalinin, xüsusilə də gənclərin iştirakını, bu işlərə töhfə vermək əzmini daha da artırmaqdan ibarətdir.

DTX əməkdaşı Tural Məmmədovun “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” mövzusunda məruzəsində terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlərdən, həmçinin terrorizmin beynəlxalq coğrafiyasından, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində görülən işlərdən ətraflı bəhs olunub.

Sonra məruzəçi xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, erməni terrorunun acı nəticələri, terrorçuluqla mübarizə üzrə nəzərdə tutulan tədbirlər, DTX tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri barədə geniş məlumat verib. Qeyd olunub ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan Respublikası da terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Hazırda regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir. Diqqətə çatdırılıb ki, son illər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı yönəlmiş təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində davamlı və effektiv tədbirlər görülür.

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini əks etdirən film nümayiş olunub.//Apa.az

2222222