Azərbaycanın 16 neft yatağının sahibinin banka 5 milyard dollar borclu olduğu üzə çıxdı

 17:16 04.10.2019     235

Rusiyalı milyarder və neft maqnatı, Azərbaycanın 16 quru neft yatağının sahibi Mixail Qutseriyevin “Trast” bankına 140 milyard rubldan çox (təxminən 2.2 milyard dollara yaxın) borcu var.  

Redaktor.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Reuters” bildirir. Agentliyin istinad etdiyi digər mənbə isə borcun məbləğinin hətta 5 milyard dollar təşkil etdiyini deyib. “Trast” bankının səhmlərinin 99.9 faizi Rusiya Mərkəzi Bankına məxsusdur.

Belə nəhəng borc milyarderin ailəsinə məxsus “Binbank”ın və “Rost-bank”ın müflisləşməməsi üçün Mərkəzi Bank tərəfindən görülən tədbirlərin nəticəsində yaranıb.

Məlumata görə “Trast” bankının idarəetmə şurası hələlik milyarderin borcu barədə razılaşdırılmış qərara gələ bilmir, səhmdarların bu məsələ ilə bağlı növbədənkənar iclası oktyabrın 30-na planlaşdırılıb. Qutseriyevə yaxın mənbə isə “Forbes”ə bildirib ki, bankın müşahidə şurası sentyabrın sonlarında keçirdiyi yığıncağında  sövdələşmənin bütün şərtlərini müzakirə edib və razılaşdırıb. Və şərtlər Qutseriyev üçün sərfəlidir.

Mənbə deyib ki, Qutseriyev həmin 140 milyard rubl borca görə  2017-ci ildə Mərkəzi Bankın nəzarətində olan aktivlərini geri ala biləcək. Amma “Trast”a yaxın mənbə bu məlumatı təkzib edib və bildirib ki, Qutseriyev borcunun bir hissəsini pulla, bir hissəsini sahibi olduğu “Russneft”in səhmləri hesabına ödəməli olacaq.

Qutseriyevlər ailəsinin sərvəti 5.6 milyard dollara yaxındır. Qutseriyevin özünün pulu isə 3.7 milyard dollardır.

 Xatırladaq ki, Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu” 2008-ci ildə (sonradan bu şirkət “Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaq üçün  lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ” və “Kəlaməddin” yataqlarının operatoru “Karasu Operating Companu”nin 85, “Padar” və “Harami” yataqlarının operatoru “Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Qutseriyev 2017-ci ilə qədər “Binbank”ın sahibi olub, həmin il bank Mərkəzi Bankın konsolidasiya Fondu tərəfindən milliləşdirilib. Mərkəzi Bankın hesablamalarına görə “Russneft”in üçdə birinə və “M.Video” şirkətinin səhmlərinin 27 faizinə sahib olan biznesmen bankda 250-300 milyard rubl “dəlik” buraxıb. Bankın tam xilası üçün isə 1 trillyon rubla yaxın vəsait lazım olub, bu pulları Mərkəzi Bank ayırıb. Mərkəzi Bank 57 milyard rublu birbaşa bankın nizamnamə kapitalına yönəldib, daha 800 milyard rubl isə “Binbank”la Qutseriyevlərin maliyyə qrupu “Safmar”a daxil olan “Rost-bank” arasında əməliyyatların qapanmasına sərf olunub.

O vaxt Qutseriyevin bankı “boşaltdığı” üçün xaricə qaçacağı haqda şaiyələr yayılsa da biznesmen səhmlərinin bir hissəsini könüllü olaraq banka verib. Mərkəzi Bank isə bu aktivlərin dəyərindən 4-5 dəfə yuxarı qiymətləndirildiyini bildirib. “Reuters”in mənbələrindən biri hətta deyib ki, Qutseriyevin borcu 320 milyard rubl (təxminən 5 milyard dollar, və ya biznesmenin sərvətinin ümumi həcmindən çox) təşkil edir.

Mənbələr deyirlər ki, bankla sövdələşməni Mixail Qutseriyev və onun qardaşı Sait-Salam Qutseriyev imzalayacaqlar. Qohumu və milyarderin bank aktivlərini idarə edən  Mixail Şişxanov sövdələşmədə iştirak etmir.

Qeyd edək ki, bu günlərdə “The Moskow Post” nəşri Qutseriyevin banka olan nəhəng borclarına görə ölkədən qaça biləcəyini iddia etmişdi.