Yeni Baş nazirin seçiləcəyini MİLLİ MƏCLİS TƏSDİQLƏDİ

 10:27 08.10.2019     634

Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədovun gətirilməsi ilə bağlı məsələ Milli Məclisin gündəliyində var.

Bu barədə məlumatı Redaktor.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu təsdiqləyib:

“Bu məsələ ilə bağlı xüsusi iclas keçirilməyəcək. Parlamentin növbəti iclasında gündəliyə daxil olan məsələlərlə bərabər Əli Əsədovun Baş nazir seçilməsi ilə bağlı məsələ də müzakirə ediləcək”.

Xatırladaq ki, 21 aprel 2018-ci il tarixindən Novruz Məmmədov Azərbaycan Respublikasının Baş Naziridir.

Qeyd edək ki, Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb. 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Firuzə Vahid / REDAKTOR. AZ