Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək

 11:07 08.10.2019     1109

Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-cı iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, loqistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Tədbirdə Hökumətlərarası Komissiyanın 2018-ci il oktyabrın 31-də Qazaxıstanda keçirilmiş 15-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçiriləcək, növbəti addımlar müəyyənləşdiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Birgə Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.