Baş naziri kim seçir? - AÇIQLAMA

 12:12 08.10.2019     2616

Bəzi KİV-lərdə Baş Nazirin təyin olunması ilə bağlı yazılanlara lağ obyekti kimi yanaşanlar oldu. Niyə Baş Naziri prezident yox, Milli Məclis təsdiq edir, niyə parlamentə seçim imkanı verilmir kimi müxtəlif yanaşmalar var.

Bəs görəsən, prosedur necədir, yəni bu kimi vəzifələrə təyinatlar necə olur?

Məsələ ilə bağlı hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Redaktor.az-a danışıb.

S. Məmmədov vurğulayıb ki, bəzi vəzifələr konstitusiyaya əsasən Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təsdiqlənir:

“Məsələn Ombudsmanı Prezident təqdim edir (3 nəfər) Milli Məclis seçir. Elə vəzifələr var ki, Prezident təqdim edir və Milli Məclis təyin edir: Baş prokuror, Konstitusiya məhkəməsinin sədri və s. Elə vəzifələr də var ki, Prezident həmin vəzifəyə təyinatı özü edir və Milli Məclis ona razılıq verir. Bu, Baş Nazir vəzifəsidir. Bu yolla təyin edilən başqa vəzifələr də var. Yəni Milli Məclis bu halda yalnız razılıq verir”.

Xatirladaq ki, KİV-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərdə  N. Məmmədovun yerinə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun gətiriləcəyi qeyd edilib və bu məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Firuzə Vahid / REDAKTOR.AZ