Avropa İttifaqının nümayəndə heyəti Bakıya gəlir

 23:22 08.10.2019     310

Oktyabrın 11-də Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək.

Redaktor.az bildirir ki, bu barədə Aİ-nin Bakı nümayəndəliyi məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, ali təhsil ocaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, media təmsilçiləri iştirak edəcəklər.

Sözügedən məsləhətləşmələr Aİ-nin üzv və tərəfdaş ölkələri arasında bu ilin mayında "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli konfransında başlamış qeyr-rəsmi fikir mübadilələrinin bir hissəsidir.