BNA: Mərkəzi küçələrdə velosiped yollarının salınması üzrə layihə hazırlanıb - FOTOLAR

 15:29 10.10.2019     239

Bakı şəhərinin mərkəzi küçələrini əhatə edəcək təxminən 7 km velosiped yollarının salınması layihəsi hazırlanıb.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. 

Onun sözlərinə görə, pilot olaraq hazırda şəhərin Puşkin küçəsinin müəyyən bir hissəsində, təxminən 150 metr nümunə olaraq belə bir velosiped yolu təşkil olunur: “Lakin təkrar olaraq bu yolda təhlillər aparılacaq. Qoyulan tələblərə tam cavab verdiyi halda, qeyd olunan 7 kilometrlik layihədə mərkəzi küçə və prospektlər də daxil ediləcək. Bura Bülbül prospekti və bulvar istiqamətində olan küçələr daxildir. Ümumilikdə, gələcəkdə digər maraq dairələrini birləşdirən əlavə yollar da çəkiləcək. Əsas məqsəd böyük bir velosiped yol şəbəkəsinin yaradılmasıdır ki, insanlar daha rahat şəkildə velosipeddən istifadə edə bilsin”.

BNA-nın rəsmisi əlavə edib ki, vətəndaşların velosipedləri rahat şəkildə park edilməsi üçün müxtəlif yerlərdə, o cümlədən metro stansiyaları, ticarət mərkəzləri və insanların daha çox üz tutduğu obyektlərin yaxınlığında velosipedlər üçün xüsusi dayanacaqlar yaradılacaq. Hazırda belə bir dayanacaq “Koroğlu” nəqliyyat mübadilə mərkəzində yaradılıb.

“Son vaxtlar velosipedlərdən istifadəyə maraq artır. Təbii ki, artan maraq fonunda insanların daha rahat və təhlükəsiz şəkildə velosipedlərdən istifadəsini təmin etmək üçün BNA tərəfindən hələ ötən dövrdə müəyyən tədbirlər həyata keçirilib. Küçə və prospektlərdə təhlillər aparılıb. Çalışırdıq ki, Bakıda da nəqliyyat sistemi inkişaf edən digər şəhərlərdə olduğu kimi, velosiped yolları olsun. Məqsədlərdən biri də vətəndaşların velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etməsidir ki, bunun üçün uyğun şərait yaradılmalıdır. İnsanlar velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etməsi şəhərdə mövcud sıxlığın qarşının alınması baxımından əhəmiyyətlidir və bunun müəyyən təsiri olacaq. Eyni zamanda bu, şəhərin ekoloji durumunun yaxşılaşdırması kimi də dəyərləndirilə bilər”, - deyə M. Ağayev əlavə edib.//Apa.az

2222