Artsaxın dostları Qarabağımıza yığılıb - XİN-dən ÖZƏL AÇIQLAMA

Bu gün Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forum keçiriləcək. Bu forum işğal edilmiş torpaqlarımızda keçirilən nə birinci, nə də sonuncudur. Bundan öncə də işğal edilmiş torpaqlarımızda işğalçı ermənilər beynəlxalq tədbirlər, forumlar keçirib. Bu tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərin nümayəndələri də iştirak edib. Aydındır ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmin “tədbir”lərdə iştirak edən qonaqlar qara siyahıya alınır. Amma görünən odur ki, bu kifayət etmir.
Bəs Azərbaycan bu kimi halların qarşısını necə almalıdır?
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Redaktor.az-a danışıb.
Sabiq XİN rəhbəri hesab edir ki, bu məsələni həll etmək üçün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməlidir:
“Birmənalı şəkildə qara siyahı və s. məsələlərlə bu problemi həll etmək mümkün deyil. Digər tərəfdən işğal altında olan torpaqlarımıza gələnlərə qarşı cinayət işi də aça bilmirik. Çünki bizdə işğal edilmiş torpaqlarımızla bağlı qanun yoxdur. Qarabağa gedən şəxsləri biz sadəcə sərhədi pozduqları üçün qara siyahıya almaqla kifayətlənirik. Əslində isə çoxdandır digər ölkələrdə- məsələn, Gürcüstanda işğalla bağlı xüsusi qanun qəbul edilib. Bu cür məsələlər həmin qanunla tam şəkildə tənzimlənə bilər”.
T. Zülfüqarov bu qanunun qəbul edilməməsinin səbəblərinə də toxunub:
“Bu sualı gərək Milli Məclisin üzvlərinə verək. Ölkəmizdə ümumiyyətlə, işğalla bağlı sadəcə bəyanatlar var. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə hüquqi baxımdan qiymət verilməyib. Qəribə və hüquqi baxımdan çox məntiqsiz vəziyyətdir. Çünki adın qara siyahıya alınması sərhəd pozuntusuna görədir. Bəs Ermənistandan silahla bizim torpaqlara girmiş hərbçilər təkcə sərhəddimi pozublar?! Yoxsa onlar digər ölkənin torpaqlarını işğal edən qüvvələrdir?! Bu müharibədə iştirak edən, Azərbaycan tərəfindən canlarından keçən şəhidlərimiz var. Onlar Ermənistanın təcavüzü nəticəsində və bu təcavüzə qarşı hərbi əməliyyatlarda həlak olublar. Bizdə qanun baxımından çox böyük boşluqlar var. Bunun barəsində məndən başqa da danışanlar çoxdur. Amma təəssüflər olsun ki, xeyri yoxdur. Milli Məclisin elə bil baş verənlərdən xəbəri yoxdur”.
Analitik Azər Rəşidoğlu da məsələyə münasibət bildirib.
Analitik hesab edir ki, qara siyahıya atmaqla iş bitmir:
“Azərbaycan öz ərazilərini hərb yolu ilə azad etməyə hazır olduğunu sübuta yetirməli və bizim sərhədləri qanunsuz keçənlərə qarşı cinayət işi qaldırılmalıdır”.
Məsələ ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da saytımıza danışıb.
L. Abdullayeva bildirib ki, qanunsuz səfərlərin qarşısının alınması və bu kimi səfərlərin doğuracağı hüquqi nəticələr barədə bir çox dövlətlərin xarici işlər nazirliklərinin rəsmi səhifələrində xəbərdarlıqlar yerləşdirilir:
“Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tanıyır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı beynəlxalq təşkilatların qərar və qətnamələrində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində bəyan edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə verdiyi qərarda isə təsdiq olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Beləliklə də, bu gün ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qanunsuz fəaliyyətlərə görə bütün məsuliyyəti, məhz işğalçı Ermənistan daşıyır. Ölkəmizin işğal olunmuş torpaqlarına təşkil olunan qanunsuz səfərlər də bu qeyri-qanuni fəaliyyətin bir hissəsini təşkil edir. Bu xüsusda, ölkəmiz davamlı şəkildə beynəlxalq müstəvidə, eləcə də ikitərəfli əsaslarda bu məsələni gündəmə gətirir və işğalçı ölkə tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətlə bağlı məlumatlar, hesabatlar təqdim edilir”.
L. Abdullayeva qeyd edib ki, ölkəmizin işğal olunmuş ərazilərinə gedən siyasi fiqurların böyük əksəriyyətini, erməni əsilli xarici ölkə vətəndaşları, eləcə də erməni diasporası ilə sıx əməkdşlıq edən ermənipərəst şəxslər təşkil edir:
“Ancaq son zamanlar XİN-ə ölkəmizin işğal olunmuş ərazilərinə səfər etdikdən sonra, bu səfərlərindən peşmançılıq duyan və ya ümumiyyətlə səfərin doğuracağı nəticələrlə bağlı məlumatsız olan xarici vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur və onların müraciətləri müvafiq şəkildə nəzərdən keçirilir. Bu müraciətlər əsasında bir çox xarici ölkə vətəndaşlarının adı “Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılıb”.
Firuzə Vahid / REDAKTOR.AZ