Azərbaycan və Türkiyə gömrük xidməti arasında sənədlər imzalandı - FOTO

Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasında iştirak etmək üçün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenatı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Komitədən redaktor.az-a verilən məlumata görə, nümayəndə heyətində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, eləcə də Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri də təmsil olunurlar.
Oktyabrın 11-də Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclası keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Türkiyə Respublikası Ticarət nazirinin müavini Qonca Yılmaz Baturun rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə iki qardaş ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.