ATV prezidenti suallardan QAÇIR - Vaqif Aydınoğlunun layihəsi niyə dayandırıldı?

 14:05 14.10.2019     1830

“Azad Azərbaycan” (ATV) televiziyasının “Həftə sonu” analitik informasiya proqramı fəaliyyətini dayandırıb.

Redaktor.az bildirir ki, kanalın Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlunun müəllifi və aparıcısı olduğu "Həftə Sonu" analitik informasiya proqramı 15 ildən çoxdur yayımlanırdı. Vacib məsələləri diqqətdə saxlayan, həftə sonu analitik proqramlar arasında reytinqlər üzrə daim birinci olan veriliş yeni mövsümdən efirə getmir.

Verilişin hansı səbəbdən dayandırılmasıyla bağlı Redaktor.az ATV-nin prezidenti Azər Xəlilovla əlaqə saxlayıb. Qəribə burasındadır ki, Azər Xəlilov şirkətdə baş verənlərdən xəbərsizdir. Belə ki, yeni mövsümdən veriliş efirə getmədiyi halda, o,  əməkdaşımızı yalan məlumat yaymaqla günahlandırıb:

“Məndə belə bir xəbər yoxdur. Siz özünüzdən qoşursunuz. Mən məşğulam, hər kəsin öz işi var. Bununla bağlı mətbuat xidməti və Xəbərlər Departamentiylə əlaqə saxlayın".

Məsələylə bağlı Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluyla əlaqə saxlamağa çalışsaq da,  zənglərimizə cavab verməyib.

Redaktor.az