Niyə YAP-çı deputatlar bu qanun layihəsini dəstəkləmir? - Deputat təəssüflənir

 14:53 14.10.2019     715

İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərlərini qadağan edir. Ancaq yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfərlər edir.

Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə, layihə dəfələrlə müzakirəyə çıxarılsa da, qəbul olunmayıb.

2011-ci ildən bəri xeyli vaxt keçsə də, əcnəbilər Qarabağa səfərlərini davam etdirir.

11 oktyabrda Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi bu məsələni bir daha gündəmə gətirib.

Nə üçün işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilmir?  

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu qanunun qəbul olunması üçün təşəbbüs var:

“Milli Məclisdə bu məsələ dəfələrlə qaldırılıb. Qüdrət Həsənquliyev və başqa deputatlar da bu məsələni hər dəfə gündəmə gətirirlər. Amma qərar qəbul olunmur. Çünki bizim səs çoxluğuna təsir etmək imkanımız yoxdur. XİN tərəfindən işğal altında olan torpaqlara gedən insanların Azərbaycana daxil olmasını qadağan edən qərarlar verilir. Amma bütövlükdə bu qanunun qəbul olunmasına ehtiyac var”.

F. Mustafa yenə də Milli Məclisdə bu qanunun qəbul edilməsi ilə bağlı məsələni gündəmə gətirməyi düşünür:

“Amma biz sadəcə bunu gündəmə gətirə bilirik. Qanunun qəbul olunması isə bizdən asılı deyil. Bu qanunun qəbul olunması çoxluq tərəfindən dəstəklənməlidir. Yəni qanun YAP və bitərəflər tərəfindən də dəstək görsə, qəbul oluna bilər. Ya da bu layihə Milli Məclis rəhbərliyi tərəfindən komitəyə göndərilməlidir. Amma bu da ortada yoxdur”.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov da məsələ ilə bağlı saytımıza danışıb.

E. Məmmədov hesab edir ki, bu qanunun qəbulu sözügedən problemi həll etməyəcək:

“İşğal altında olan torpaqlara səfərlərin qarşısı etirazlarla, bəyanatlarla, qanunla, qətnamə ilə həll olunmayıb, bu gündən sonra da həll olunmayacaq. İşğal altında olan ərazilərdə separatçılar, işğalçılar elə özlərinə oxşayan cinayətkarlarla, separatçılarla tədbirlər keçirirlər. Kimliyindən asılı olmayaraq, Azərbaycan sərhədlərini pozanlar hamısı cinayətkardır. Bu cür cinayətkarların gediş-gəlişi uzun illərdir davam edir. Biz hər dəfə buna münasibət bildiririk, etiraz edirik, bəyanatlar veririk. XİN onları qara siyahıya salır. Amma ortada nəticə yoxdur. Digər ölkələr kənarda qalsın, amma elə Ermənistanın öz vətəndaşlarının Azərbaycan sərhədini keçməsi qanun pozuntusudur. Bunların qarşısını almaq üçün qanunların, qərarların, bəyanatların heç bir mənası yoxdur. Bunun üçün yeganə həll yolu Azərbaycanın özünün mövcud hərbi gücündən istifadə edərək, ərazilərini düşməndən təmizləmək üçün antiterror əməliyyatları adı altında hərbi əməliyyatlara başlamasıdır. İşğala son qoyulmalıdır. Azərbaycan sərhədini öz sərhədçilərimiz və silahlı qüvvələrimiz qorumalıdır. Bundan sonra ora gəlib-gedənlər, tədbir keçirənlər faktiki olaraq, Azərbaycandan icazə almağa məcbur olacaqlar. Əks təqdirdə torpaqlar nə qədər ki, işğal altındadır, hansı qanunun qəbul olunmasından asılı olmayaraq, bunun heç bir əhəmiyyəti olmayacaq”.

Məsələ ilə bağlı YAP-çı deputat Elman Nəsirovun da mövqeyini öyrəndik.

Millət vəkili bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısı tətbiq etməsi və qondarma rejimə səfər edən ayrı-ayrı şəxsləri həmin siyahıya salması beynəlxalq praktikaya əsaslanır:

“Bu bizim icad etdiyimiz qayda deyil. Burada problem beynəlxalq hüququn özündədir. Beynəlxalq hüquq bu gün faktiki olaraq, işləmir. BMT-dən böyük beynəlxalq təşkilat yoxdur. BMT-nin Təhlükəsizlik Şurası onun ən mühüm orqanıdır. BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul ediləndə bu qətnamənin yerinə yetirilməsi nizamnamənin 25-ci maddəsinə əsasən icbaridir. Yəni BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilmirsə, görün indi beynəlxalq hüququn vəziyyəti nə gündədir. Bu nöqteyi-nəzərdən hətta işğal altında olan torpaqlara səfər edənlərə qarşı müasir qanun çərçivəsində cinayət işinin açılması belə vəziyyəti dəyişmir”.

Millət  vəkili qeyd edib ki, bugünkü reallıqda əsas güc faktorudur:

“Bizim əsas hədəfimiz güclənmək olmalıdır. Ölkə başçısı da bu yolu seçib. Bizim taleyimiz güclü olmağımızdan asılıdır. Bu istiqamətdə də çox ciddi işlər gedir. Münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş olmayanda, Ali Baş Komandan danışıqların limitinin tükəndiyinə tam əmin olanda, sülh danışıqları öz əhəmiyyətini itirəndə bizə lazım olacaq sənədlər özümüzün daxildə qəbul etdiyimiz sənədlər yox, bu gün işləməyən beynəxalq sənədlər olacaq. Bizim üçün ən əhəmiyyətli bu gün işləməyən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamə, Avropa Şurasının Parlament Assemblyasının Ermənistanla bağlı qəbul etdiyi sənədlər, Aİ, Qoşulmama Hərəkatının, İƏT-in, NATO-nun Parlament Assemblyasının qəbul etdiyi sənədlər həlledici rol oynayacaq. Bizim özümüzün qəbul etdiyi sənədlər beynəlxalq sənədlərlə müqayisədə Ermənistana təzyiq göstərmək üçün daha az gücə və potensiala malikdir. Beynəlxalq sənədlər vasitəsilə biz Ermənistanı sülhə məcbur edə bilərik. İndiki halda bu addımlar bu gün Ermənistanı konstruktiv mövqe tutmağa məcbur etməsə də, hərbi əməliyyatları yaxınlaşdırır. Bu halda bütün məsuliyyət Ermənistanın, rəsmi İrəvana himayədarlıq edən tərəflərin, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək”.

E. Nəsirov bununla belə işğal altında olan Azərbaycan torpaqları ilə bağlı qanunun qəbul edilməsini də istisna etmir:

"Bizim qəbul etdiyimiz qanunlar beynəlxalq təsir gücünə malik deyil. Bu qanunun qəbulu orada keçirilən qeyri-qanuni forumların, tədbirlərin qarşısını ala bilməyəcək. Biz Ermənistana qarşı qəbul edilmiş beynəlxalq hüquqi sənədləri işlək vəziyyətə gətirməliyik. Əsas hədəfimiz budur”.

E. Nəsirov YAP-çı və bitərəf deputatlar tərəfindən dəstək almadığına görə bu qanunun qəbul edilməməsi fikrinə də münasibət bildirib:

“Mən 4 ildir parlamentdəyəm və mənim olduğum dövrdə bu, xüsusi müzakirə mövzusu olmayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsi bizim üçün prioritet məsələdir. Dövlət başçısı belə müəyyən edib. Prezident Valday forumunda, Aşqabadda keçirilən sammitdə çıxışında Ermənistanın işğalçılıq siyasətinin bütün fəlsəfəsini açıb, ortaya qoydu. Bütün bu reallıqlar fonunda bu qanunun müzakirəsi və qəbul edilməsi məsələsi aktuallaşa bilər. Bu ideyaları mən də dəstəkləyirəm”.

Firuzə Vahid / REDAKTOR.AZ