Bakıdan Manamaya birbaşa aviareys açılır

 18:23 16.10.2019     286

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır.

“Buta Airways”dən verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına ev sahibliyi edir.

Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açmışdır.

Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.//Apa.az