Avtobusların intervalında gecikmələr var - BNA sərnişinlərə MÜRACİƏT ETDİ

 15:15 24.10.2019     338

Günün pik saatlarında, xüsusən də səhər işə gecikən zaman avtobusun gecikməsi çox vaxt sərnişin-sürücü münaqişələriylə nəticələnir.

Bu gün səhər saatlarında “BakuBus” MMC-yə məxsus 6 nömrəli avtobusun 17 dəqiqə intervalla dayanacağa yaxınlaşması bu cür hadisənin yaranmasına səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında avtobusların intervalında gecikmələrin səbəbini yollardakı sıxlıqla əlaqələndirib:

“Yollarda məhdudiyyət olan zaman digər nəqliyyat vasitələri kimi sərnişin avtobusları da alternativ küçələrə yönləndirilir. Ölkədə böyük tədbirlər keçirilən zaman nəqliyyata cavabdeh olan qurumlar tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Bu cür tədbirlər zamanı sərnişinlər şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyata üstünük verərlərsə, heç bir problem yaşanmaz”.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək. Bu gündən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti,  M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılır. Xüsusilə, Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi  kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır. 

Xəyalə Məmmədova / REDAKTOR.AZ