Bu qurumlar da BİRLƏŞDİRİLMƏLİDİR - Vahid Əhmədov: "İslahatlar davam etdiriləcək"

 17:45 24.10.2019     548

Hazırda gedən kadr və struktur islahatları gözlənilən idi.

Millət vəkili Vahid Əhmədov Redaktor.az-a açıqlamasında son kadr və struktur islahatlarından danışıb.

Millət vəkili hesab edir ki, kadr islahatlarına çoxdan başlanılıb:

“Struktur islahatları da artıq paralel olaraq aparılır. Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ləğv edilərək İqtisadiyyat İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsində əsas məqsəd vergidə yaranmış müsbət dinamikanı qoruyub saxlamaqdan ibarətdir. Eyni zamanda Əmlak Komitəsində artıq əsas özəlləşdirmə işləri aparılıb. Bundan sonra böyük şirkətlərin özəlləşdirilməsinə başlanılacağı ehtimalı var. Ona görə də bu qurumların vahid bir əldə cəmləşməsi müsbət addımdır”.

V. Əhmədov qeyd edib ki, Mikayıl Cabbarov Vergilər Nazirliyində özünü islahatçı, reformator nazir kimi tanıtdırdı:

“Onun dövründə vergidə çox ciddi islahatlara start verildi. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün onun addımları təqdirəlayiqdir. M. Cabbarov ikili standart, ikili mühasibat məsələsini müəyyən qədər aradan qaldırdı, Vergi Məcəlləsində dəyişikliklər etdi. Bütün bunları nəzərə alsaq, Mikayıl Cabbarov yeni vəzifəsinin də öhdəsindən gəlməyi bacaracaq”.

Millət vəkili Vergilər Nazirliyinin ləğv edilərək İqtisadiyyat nazirliyinə birləşdirilməsini birmənalı qarşılamayanlara da münasibət bildirib:

“Beynəlxalq aləmdə müəyyən təcrübələr var. Vergilər Nazirliyi Maliyyə Nazirliyinin, ya da İqtisadiyyat Nazirliyinin tərkibində olur. Amma Azərbaycanda Vergilər Nazirliyində yaradılan müsbət tendensiyanı qoruyub saxlamaq üçün elə Mikayıl Cabbarovun rəhbərlik edəcəyi nazirliyə birləşdirilməsi lazım idi. Bu müsbət haldır. Bunu doğru hesab edirəm”.

V. Əhmədov istisna etmir ki, yenə də hansısa qurumların birləşdirilməsini, ləğv edilməsi ilə bağlı islahatlar davam etdiriləcək:

“Məsələn, Mərkəzi Bank, Neft Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatasını vahid qurumda birləşdirmək daha məqsədə uyğun olardı. Bu quruma Mərkəzi Bank rəhbərlik etməlidir. Faktiki olaraq, bu gün Neft Fondu Mərkəzi Bankla, Mərkəzi Bank da Maliyyə Bazarlarına Nəzarət Palatası ilə işləyir. Ona görə də onlar bir qurumda birləşdirilməlidir. Bu cür birləşdirilməsi məqsədəuyğun olan qurumlar var. Bunlar prezidentin səlahiyyətində olan məsələlərdir. Aparılan islahatlar hamısı ölçülür-biçilir. Bundan sonra da bu cür struktur islahatlarının şahidi olacağıq”.

Firuzə Vahid / REDAKTOR.AZ