BİZ TƏNBƏLİKMİ? - Manat indi üzsə, boğular...
Üzən məzənnə siyasəti bazar iqtisadiyyatı sisteminin bütün qanunları işləyən yerdə mümkündür.
Redaktor.az bildirir ki, iqtisadçı ekspert Pərviz Heydərov Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun tam üzən məzənnəyə keçidlə bağlı fikirlərinə münasibət bildirib.
İqtisadçı hesab edir ki, dövlətin iqtisadiyyatdan tamamilə əlini çəkdiyi yerdə tam üzən məzənnəyə keçid mümkündür:
“Azərbaycanda isə dövlət kapitalizmi hökm sürür. Belə ki, heç nə əslində, sərfəli deyil. Ona görə ki, gəlir gətirən fəaliyyətlə əhalinin çox cüzi bir hissəsi məşğuldur, qalan böyük bir hissə isə maaşa və pensiyaya, yəni ki, “ələ baxır”. Odur ki, dövlət və hökumət məcburdur ki, əhalinin həmin hissəsini dolandırsın, başqa sözlə desəm, “əllərinə nəsə versin”. Çünki bunun günahı birinci elə əhalinin məhz o hissəsindədir. O mənada ki, tənbəldirlər, aktiv deyillər, fəaliyyət göstərməyə həvəsli deyillər. Onlar passivdirlər, yerlərində oturub sadəcə, pul gözləyirlər".
P. Heydərov vurğulayıb ki, hökumət, manatın məzənnəsini qoruyub saxlamağa məcbur qalır:
“Hökumət manatı bazarın taleyinə buraxmamağa məcbur qalır. Manat sərbəst dönərli valyutaya çevrilməyənə qədər sərbəst buraxıla bilməz. Belə ki, manatı ABŞ dollarına dəyişmək istəyən azdır və ümumiyyətlə, vətəndaşlar sırasında yoxdur desəm, daha düzgün olar. Çünki ölkə əhalisi bayaq qeyd etdiyim kimi iqtisadi fəal deyil. Digər tərəfdən ABŞ dollarını təklif edən də əslində, mövcud deyil. Amerika valyutasının satıcısı rolunda faktiki olaraq yalnız, Dövlət Neft Fondu çıxış edir ki, bu qurum da ancaq dövlət büdcəsi qarşısındakı öhdəliklərini yerinə yetirməklə məşquldur. Belədə hansı üzən məzənnə rejimi siyasətindən söhbət gedə bilər ki?! Odur ki, Mərkəzi Banka çox ağız əyib, irad tutmaq lazım deyil. Bu şəraitdə onların addımları düzgündür”.
Firuzə Vahid / REDAKTOR.AZ