Yaşlı deputatlar niyə GETMƏK İSTƏMİRLƏR? - Xanhüseyn Kazımlı nümunəsi...

Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovu istirahətə uğurlayanda, digər yaşlı dövlət xadimlərimizi də bu örnəkdən istifadə etməyə, yerlərini gənc nəslə buraxmağa səslədi. Bu, ölkə başçısının yaşı 70-dən çox olan məmurlara mesajı, çağırışı idi. Prezidentin bu çıxışından sonra bəzi məmurlar onun çağırışına müsbət cavab verdi və öz vəzifələrindən istefa verdi. Ancaq bu mədəniyyət və ya məcburiyyət, aparılan sürətli iqtisadi-siyasi islahatlar dalğasında boğulan, bütün sferaları əhatə edən şəxslərə şamil edilməlidir. Bu xüsusda Milli Məclisin gəncləşməsi önəmli əhəmiyyətə malikdir. Çünki aparılan islahatlar birinci növbədə qanunvericilik bazasına əsaslandığından, daha modern, daha kreativ düşüncə sahiblərinin parlamentə inteqrasiyası təmin edilməlidir. Necə deyərlər, sovet təfəkkürü ilə sürətli inkişaf tempinə uyğunlaşmaq, alman avtomobili ilə "Pobeda" maşınının sürətinin müqayisəsi kimi gülməli görünür. Amma görünən budur ki, bəzi deputatlar hələ də Məşədi İbad kimi, min cavana dəydiklərini nəinki düşünür, hətta altını cızırlar...
Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a danışıb.
Politoloq hesab edir ki, Prezidentin gəncləşmə ilə bağlı çıxışı kifayət qədər ciddi mesaj idi:
“Yaxşı olardı ki, dövlət strukturlarında yer alan hər bir şəxs bu nitqə məsuliyyətlə yanaşsın. Son zamanlar prezident struktur islahatları zamanı yaşlı şəxsləri gənclərlə əvəz edir. Bu da onu göstərir ki, modernləşən qlobal dünyada və hazırki siyasi, iqtisadi proseslər fonunda Azərbaycanda idarəçiliyə yeni nəfəs, yeni idarəetmə tələb edilir. İlk növbədə iqtisadi və elmi-texniki idarəetmədən söhbət gedir. Bu sahələrdə artıq yeni epoxal proseslərin getdiyini nəzərə alaraq, həmin sahələrdə ixtisaslaşmış idarəetmənin qabaqcıl texniologiyaları ilə tanış olmuş şəxslərin qabağa çəkilməsi tələb olunur. Son zamanlarda da məhz bu proses baş verir. Azərbaycanda vəzifəyə gələn gənc şəxslərin kifayət qədər ciddi islahatlar aparmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, prezident düzgün yoldadır”.
Politoloq qeyd edib ki, burada təkcə dövlət idarəetməsində, dövlət strukturunda və yaxud hökumətdə çalışan yaşlı nəslin nümayəndələrindən söhbət getmir:
“Ümumiyyətlə, hər bir şəxs öz funksiyasını müəyyən dövr ərzində yerinə yetirməlidir. Bu gün yaşlanan şəxslər təbii ki, öz zamanlarında mühüm dövlət kreslolarında səlahiyyətləri çərçivəsində üzərinə düşən funksiyaları yerinə yetiriblər. Lakin zaman gedir. Dəyişən dünyanın reallıqları çərçivəsində dəyişikliklərə getmək lazımdır. Heç kim üçün əbədi vəzifə yoxdur. Bu, eyni zamanda paramentdə olan millət vəkillərinə də aiddir. Millət vəkilləri də prezidentin çıxışını diqqətə almalıdırlar. Onlar gələn il keçiriləcək seçkilərdə öz namizədliklərini verib-verməməklə bağlı götür-qoy etməlidirlər. Doğrudur, elə yaşlı insanlar var ki, onlar hələ də iş qabiliyyətinə malikdirlər. Amma bir çox deputatların verdiyi açıqlamaların elə cəmiyyət tərəfindən qıcıq yaratması göstərir ki, bu kadrlar artıq hakimiyyət partiyasını təmsil edə bilməz. Bu kadrlar yeni potensiallı gənclərlə əvəz olunmalıdır. Həyatın qanuniliyi də bunu tələb edir. Kadr dəyişiklikləri, gəncləşmə mütləqdir”.
Z. Məmmədov son olaraq, parlamentin 77 yaşlı deputatı, professor Xanhüseyn Kazımlının da çıxışına münasibət bildirib:
“Ümumiyyətlə, bu çıxış və orada olan bəzilərinin də zaman-zaman verdiyi açıqlamalar onu göstəri ki, 2020-ci ildə yenilənmiş, gənclərdən ibarət Milli Məclis formalaşmalıdır. Deputatlığa namizədliyini verməsi hər kəsin öz işidir. Bu, xalqın seçimidir. Amma düşünürəm ki, 2020-ci il parlamenti kifayət qədər gənclərdən ibarət olacaq. Milli Məclis yeni nəfəs gətirən kadrlardan ibarət olmalıdır. Bu, xalqın təmsilçiliyi və qanunverici orqandır. Hansı ki, bu qurum artıq yeni idarəçilik tələb edir”.
Politoloq bildirib ki, bu yaxınlarda Prezident İqtisadiyyat naziri olaraq Mikayıl Cabbarovu təyin edib:
“Mikayıl Cabbarov ən uğurlu nazirlərdən biridir. Azərbaycanda iqtisadiyyat naziri gəncdirsə, bu sahəyə xeyli diqqət ayrılırsa, parlamentdə də iqtisadiyyat və sosial məsələlərlə bağlı olan komitədə təmsil olunan deputatlar bu tələblərə cavab verməlidir. Sovet təfəkkürü ilə yaşamış, iqtisadiyyatın sovet modelini bilən və bugünkü modelindən başı çıxmayan şəxslər isə zamanın tələbinə uyğun olaraq, yeniləri ilə əvəz olunmalıdır”.
Firuzə Vahid / REDAKTOR.AZ