Belə bələdiyyələr kimə və nəyə lazımdır? - Ölkədə seçki ab-havası YOXDUR
Ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Xarici təcrübə göstərir ki, bələdiyyə seçkiləri demokratiyanın inkişafında və partiyaların siyasi aktivliyində mühüm rol oynayır. Amma Azərbaycanda məlum və qeyi-məlum səbəblərdən, bu seçkilərdə aktivlik həddən artıq zəif olur. Bu zəifliyi şərtləndirən bir neçə amil olsa da, daha çox bələdiyyələrə münasibət aktivliyə təsir kimi qiymətləndirilir. Əsasən, dotasiyalar hesabına yaşamaq, icra orqanlarından birbaşa asılılıq seçkili orqanın nüfuzuna və fəaliyyət əmsalına əsaslı şəkildə təsir edir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin təcrübəsinə istinad etsək, heç bir yerdə seçkili orqan təyin olunmuş icra orqanı rəhbərlərindən asılı vəziyyətdə deyil. Bələdiyyələrin Azərbaycan modeli hələ ki, yerli icra hakimyyəti orqanlarının aləti kimi fəaliyyətini davam etdirməkdədir. Və nəzərə alın ki, bu davametmə büdcəyə baha başa gəlir...
Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, seçkilərin keçirilməsinə çox az vaxt qalmasına baxmayaraq, bununla bağlı xalqda heç bir hərəkətlilik yoxdur:
“Hazırlıqlar, namizədlər barədə məlumatlar çox azdır. Türkiyədə keçirilən seçkilər daha maraqla izlənilirdi, nəinki ölkəmizdə. Hazırda, gələn ilin dekabrında keçiriləcək parlament seçkiləri daha çox müzakirə olunur. Bələdiyyələrdən gözləntilər çox olsa da, təəssüf ki, bu institut özünü doğrulda bilmədi. Bunun səbəbi mövcud qanunvericiliklə bağlıdır. Faktiki olaraq, Azərbaycanda bələdiyyə institutu ona verilən səlahiyyətləri icra etmək hüququna malik deyil. Başqa ölkələrlə müqayisə aparsaq, Azərbaycanda bələdiyyənin səlahiyyətlərinin çox aşağı olmasını müşahidə edirik. Normalda bələdiyyə yerli hakimiyyətdir və əhaliyə ən yaxın olan qurumdur. Yəni əhalinin problemlərini, yerlərdə olan narazılıqları bələdiyyədən yaxşı bilən qurum ola bilməz. Ona görə də inkişaf etmiş ölkələrdə yerli problemlərin həlli bir qayda olaraq, bələdiyyələrə tapşırılır. Amma Azərbaycanda bu gün yerli səviyyədə olan bütün problemlər, işlər icra hakimiyyətləri tərəfindən görülür, bələdiyyələr isə yerdə qalan işlərlə məşğul olur. Azərbaycanda icra hakimiyyətlətinin gördüyü işi inkişaf etmiş ölkələrdə bələdiyyələr görür. Bizdə icra hakimiyyətləri kifayət qədər böyük ştata malik olan qurumdur. Halbuki onların işini ən azı kənd, qəsəbə səviyyəsində bələdiyyələr görməlidir”.
S. Əliyev bildirib ki, bu gün Azərbaycan rayonlarında, kənd yerlərində icra nümayəndəliyi ilə bələdiyyə az qala eyni otaqda otururlar:
“Yəni bu sahədə paralellik var. Bu paralellik heç olmasa kənd, qəsəbə səviyyəsində aradan qalxmalıdır. Eyni zamanda biz regional idarəetməyə keçid etməliyik. Yəni icra hakimiyyəti regional olmalı, bələdiyyələr isə kənd, qəsəbə, rayon səviyyəsində qalmalıdır.”.
S. Əliyev qeyd edib ki, bələdiyyə seçkili orqandır:
“Bələdiyyə institutu Azərbaycan üçün lazımdır. Amma obyektiv səbəblərdən bu institut özünü doğrulda bilməyib. Bu gün bələdiyyə o halda iş görə bilir ki, onun əhbəri nüfuzlu şəxsdir. Amma bələdiyyənin nüfuzlu şəxsinin olması çox şeyi dəyişmir. Bələdiyyənin səlahiyyəti yoxdursa, hər hansı bir problemi həll etməyə hüququ çatmırsa, rəhbərliyində nüfuzlu şəxs olsa belə, problemləri həll edə bilməyəcək”.
S. Əliyev bildirib ki, Azərbaycan yerli özünüidarəetməyə dair Avropa Xartiyasının bəzi müddəalarını ratifikasiya edib:
“Bununla da Avropa Şurası qarşısında öhdəlik götürüb ki, yerli səlahiyyətlər bələdiyyələrə veriləcək. Amma bizim bələdiyyə statusu haqqında qanuna baxsaq, görərik ki, bizdə yerli idarəetmə səlahiyyətlərinin müəyyən hissəsi və ya az hissəsi bələdiyyələrə verilib. Bu da çox cüzidir. Ölkəmizdə bələdiyyələrə verilməli olan səlahiyyətlərlə, bələdiyyələrin öhdəlikləri səhv anlaşılır. Bunlar bir-birindən fərqli anlayışlardır. Məsələn, öhdəlik odur ki, bələdiyyə qəbirstanlıqları saxlamalıdır, amma bu onun səlahiyyəti deyil. Səlahiyyət odur ki, qəbirstanlıqların saxlanmasını bələdiyyəyə tapşırıb, büdcədən bunun üçün bu quruma pul ayrılır. Yəni səlahiyyətin arxasında öhdəlikdən fərqli olaraq, pul dayanır. Bizdə bələdiyələrə hər hansı bir səlahiyyət verilmir”.
Firuzə Vahid / REDAKTOR.AZ