İlham Əliyevə təkcə Paşinyan deyil, Köçəryanla Sarkisyan da uduzub - Millət vəkili

 11:30 09.11.2019     425

Azərbaycan Prezidentinə təkcə Paşinyan deyil, Köçəryanla Sarkisyan da uduzmuşdu.

Millət vəkili Sahib Alıyev Redaktor.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məqaləsində "Paşinyanın və onunla birgə Ermənistanın Əliyevə uduzduğunu" bildirməsinə münasibət bildirib.

Millət vəkili hesab edir ki, məhbəs mirzəliyinin məhsulu olan son məqaləsində o qərəzlidir, amma paradoksal görünsə də, bu fikirlər həqiqətdir:

"Ona görə qərəzlidir ki, cənab İlham Əliyev Prezident seçiləndə Dağlıq Qarabağ danışıqlarına sıfırdan başlanacağını bildirdi. O vaxt Ermənistanın başında özü duran Robert Köçəryan bu reallıqla razılaşmaqdan başqa ayrı yol tapmayıb danışıqlara getməklə artıq özü də ona uduzmuşdu. Onun ardından Serj Sarkisyanın həm diplomatik qarşıdurmada, həm də cəbhədə uduzmasıyla bağlı xeyli faktlar sadalamaq olar ki, sadəcə 2016-cı ilin Aprel döyüşlərini və onun nəticələrinin həzm etdirilməsini xatırlatmaq kifayət edir. Burada ancaq Paşinyanın adının hallandırılması qərəzli yanaşmadır, amma həm də həqiqətdir. Köçəryan düz qeyd edir ki, Paşinyan "Qarabağ Ermənistandır",- deməklə söhbətin orada yaşayan hayların öz müqəddaratını təyin etməsindən yox, ölkəsinin Azərbaycana torpaq iddiasından getdiyini təsdiqləmiş oldu".

Millət vəkili vurğulayıb ki, bununla da Azərbaycanın istənilən yolla öz torpaqlarını geri qaytarmaq haqqının olduğu ortaya qoyuldu:

"Emənistanın başında kimin, hansı ölkənin agentinin durmasından asılı olmayaraq Dağlıq Qarabağ probleminin həlli baxımından zaman hayların zərərinə işləyir ki, bunu həmən ölkənin daha bir keçmiş rəhbəri Levon Ter-Petrosyan zamanında dəqiq proqnozlaşdırmışdı. O vaxt bundan nəticə çıxarmaq yerinə Köçəryanla Sərkisyan xaricdən dəstək alaraq birləşib onu devirdilər. Dəstəyi isə onlara agentlik etdikləri və yenə də dəstəyi ilə Azərbaycan torpaqlarını ələ keçirdikləri dövlət vermişdi. Yeri gəlmişkən Köçəryan onu da gözəl bilir ki, Azərbaycan üçün Ermənistanın başında kimin durmasından daha önəmli olan məsələ məhz haylara dəstək verənlərin, onlardan alət kimi faydalandıqlarına görə havadarlıq edənlərin mövqeləridir".

Firuzə Vahid / Redaktor.az