Bələdiyyələrin səlahiyyəti artırılmasa... - Yeni dəyişikliklərin nəticəsi NECƏ OLACAQ?

 17:31 13.11.2019     728

Azərbaycanda aparılan islahatlar çərçivəsində icra hakimiyyəti rəhbərlərinin gəncləşdirilməsi siyasəti aparılır. Artıq bir neçə rayonda yaşlı icra başçıları gənc kadrlarla əvəz olunur. Yeni təyin olunan icra başçıları ilə görüşdə ölkə başçısı onlara sərt xəbərdarlıq etdi. Hətta dövlət başçısı bu haqda İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən, çıxışında  öz şəxsi maraqlarını təmin etmək üçün lazımsız addımlar atan məmurlara sərt mesaj verdi və onların cəzasız qalmayacağını bildirdi.

Haqlarında hər zaman şikayətlər olan, əhalinin narazı olduğu icra başçılarının dəyişdirilməsi mövcud problemləri həll edəcəkmi?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Redaktor.az-a danışıb.

Millət vəkili hesab edir ki, icra başçılarının gəncləşdirilməsinin, yeni kadrların bu vəzifəyə gətirilməsinin problemlərin aradan qalxmasına müəyyən təsiri olacaq:

“Bundan sonra müəyyən dəyişikliklər müşahidə ediləcək. Çünki yeni təyin olunan icra başçılarının qarşısına qoyulan tələblər fərqlidir. Lakin indiki vəziyyətdə, icra hakimiyyətlərinin səlahiyyətləri çox böyükdür. Bu səlahiyyətlərin bəziləri bələdiyyələrə verilməlidir. Səlahiyyətlərin bu formada saxlanması belə icra hakimiyyətlərinə müəyyən problemlər yaradır. Bu məsələdə icra hakimiyyətlərinin üzərinə çox yük qoyulur. Biz çalışmalıyıq ki, bu yükün azaldılmasına dövlət orqanları nail ola bilsinlər. İcra hakimiyyətləri və bələdiyyələr arasında olan paralellik problemlərin həllini çətinləşdirir. Bu paralellik aradan qaldırılmalıdır. Bələdiyyələrin statusu, pul qazanma imkanları artırılmalıdır. Bələdiyyələri canlı quruma çevirmək lazımdır. İndi bələdiyyələr ancaq dövlətdən dotasiya alan qurumlar qədər kiçiliblər”.

Millət vəkili vurğulayıb ki, qanunda dəyişiklik edilməli, bələdiyyələrə kifayət qədər böyük səlahiyyətlər verilməlidir:

“İcra hakimiyyətləri Türkiyədə olduğu kimi vali və başqa funksiyaları həyata keçirməli, təsərrüfat funksiyaları isə bələdiyyədə qalmalıdır. Bu edilsə, daha məqsədəuyğun olar”.

Millət vəkili qeyd edib ki, sadəcə icra başçılarının dəyişdirilməsi qanunsuz əməllərin qarşısını almaq üçün kifayət etmir:

“Çünki hər kəsin bu cür fəaliyyətini ortaya qoymaq, sübut etmək özü problemdir. Biz çalışmalıyıq ki, yeni icra başçıları prezidentin verdiyi tapşırığa uyğun fəaliyyətlərini düzgün qursunlar. Bu olsa, problemlər qabarıq şəkildə özünü göstərməz. Səlahiyyət sahibi olan icra başçıları istənilən qanunsuz məsələdə yerli hüquq-mühafizə orqanlarının köməyi ilə cinayət işi qaldırmalı, problemləri çözmək üçün əllərində olan imkanlardan istifadə etməyi bacarmalıdırlar”.

İqtisadçı ekspert Samir Əliyev də məsələ ilə bağlı saytımıza danışıb.

S. Əliyev də hesab edir ki, sadəcə icra başçılarının dəyişdirilməsi problemin kökündən həllinə gətirib çıxarmayacaq:

“İcra başçılarının dəyişdirilməsi xarab maşının sürücüsünün dəyişdirilməsinə bənzəyir. Maşın pis işləyirsə, tez-tez sıradan çıxırsa, öz işini vaxtında görə bilmirsə, sürücünün dəyişməsi ilə maşın yaxşı işləməyəcək. Çünki maşının özünü dəyişmək lazımdır. Yəni icra hakimiyyəti sistemi effektiv olsaydı, bütün dünyada tətbiq edilərdi. Azərbaycan Avropa Şurası üzvləri arasında yeganə ölkədir ki, icra hakimiyyəti bu qədər böyük səlahiyyətə malikdir. Bu gün ölkəmizdə bələdiyyələr səlahiyyəti olmayan qurumdur. Bələdiyyə əhaliyə ən yaxın olan qurum, icra hakimiyyəti isə mərkəzi hakimiyyətin yerlərdəki nümayəndəsidir. Yerli problemləri əhaliyə yaxın olan qurum daha tez həll edə bilər. Bu baxımdan bələdiyyə sədrinin yerli əhali arasından çıxmış insan olmas,ı onun üstünlüyüdür. İkincisi, bələdiyyələr seçkili orqandır. İnsanlar narazı olanda icra başçısını dəyişə bilmirlər, çünki özləri seçməyib. Amma bələdiyyələrdə bu cür dəyişikliklər etmək olur. Üçüncüsü, bələdiyyələrin büdcəsi açıq olmalıdır. hesabatlılıq, şəffadlıq baxımından da bələdiyyə icradan üstündür”.

S. Əliyev bildirib ki, istənilən müsbət addımlar tez özünü göstərir:

“Çünki bizdə problemlər çoxdur. Ola bilər ki, son dəyişikliklərdən sonra hardasa kimsə artıq rüşvət almayacaq və s. Bu dəyişikliklərin ilkin dövrdə nəticələri olsa da, problemləri kökündən həll etməsindən söhbət gedə bilməz. Bunun üçün struktur islahatları genişləndirməlidir. İdarəetmə dəyişdirilməli, bələdiyyələrin səlahiyyətləri artırılmalı, icra hakimiyyətlərinin səlahiyyətləri isə azaldılmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ