ANAMA rəhbərliyi NATO-nun iclasında İŞTİRAK EDİB

 17:42 13.11.2019     215

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov və Agetliyin Təlim, Tədqiqat və KeyfiyyətinTəminatı Qrupunun rəhbəri Elnur Qasımov noyabrın 5-də Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və atıcı silahlar və mina fəaliyyəti üzrə ad hoc işçi qrupunun iclasında iştirak ediblər.

ANAMA-dan Redaktor.az-a verilən məlumata görə, iclasda NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsi yanında Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzi tərəfindən mina fəaliyyəti sahəsində həyata keçirilmiş işlər, bu sahədə mövcud risk və çağırışlar barədə məlumat təqdim olunub.

Qeyd olunan iclasda Agentliyin fəaliyyəti və xüsusilə də Əfqanıstanda həyata keçirilən işlər barədə təqdimat verilib. Bununla yanaşı, ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi cənab Ceyms Apaturay, Türkiyə Respublikasının NATO yanında daimi nümayəndəsi cənab Basat Öztürk, Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzinin direktoru Villiam Alberque (William Alberque) və həmin mərkəzin direktor müavini Eirini Lemos-Maniati ilə ikitərəfli görüşlərdə də iştirak ediblər.

Azərbaycan Respublikasının NATO Yanında Nümayəndəliyi tərəfindən təşkil olunan ikitərəfli görüşlərdə ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində Agentlik tərəfindən uğurla həyata keçirilən Saloğlu və Ceyrançöl Təmizləmə Layihələrinin regionun inkişafına müsbət töhvə verməsi və bu kimi layihələrin gələcəkdə də davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.