Sosial şəbəkədən xəbərsiz DEPUTATLAR - Tvitsiz qalan PROBLEMLƏRİMİZ

 13:30 16.11.2019     2068

Ölkədə deputatların, məmurların əksəriyyəti yaşlı və yeni texnologiyalarla ayaqlaşmaqda çətinlik çəkən şəxslərdir.

Son dövrlər ölkədə gedən islahatların parlamentə nə vaxt gəlib çatacağı sual altındadır. Prezident İlham Əliyevin çıxışlarından sonra bəzi deputatların "Facebook" səhifəsi açması, aktivlik göstərməsi müşahidə edilsə də, bu uzun müddət davam etmədi. İnkişaf etmiş ölkələrdə, xüsusilə Qərbdə məmurlar, millət vəkilləri, hətta ölkə başçıları belə gördükləri işin daha çox kütləyə çatması üçün Tvitterdən istifadə edirlər. Lakin ölkəmizdə Tvitterdən istifadə digər sosial şəbəkələrlə müqayisədə azdır. Bu gün əksər deputatların nəinki Tvitter hesabı var, hətta onlar bu sosial şəbəkənin əhəmiyyətindən belə xəbərsizdirlər. 

Maraqlıdır, informasiya savaşında sosial şəbəkələrin üstünlüklərindən istifadə edilməməsinin nəticəsi nə ola bilər?

Məsələ ilə bağlı İKT Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a danışıb.

F. Kazımov hesab edir ki, Tvitter Azərbaycanda o qədər də populyar sosial şəbəkə deyil:

“ABŞ məmurları prezident də daxil olmaqla Tvitterdə aktivdilər. Çünki Tvitter Qərbdə populyar bir sosial şəbəkədir. Azərbaycanda isə bu sosial şəbəkə o qədər də məşhurlaşa bilmədi. "Facebook", "İnstagram" üstülüyü ələ keçirdi. Tvitterdə olan azərbaycanlıların əksəriyyəti də xaricdə yaşayanlardır. Bunu nəzərə alsaq, azərbaycanlı məmurlar əsasən ya “Facebook”da ya da peşəkar sosial şəbəkə sayılan “Linkedin”də aktiv ola bilərlər”.

F. Kazımov bildirib ki, son zamanlar  “Linkedin” sosial şəbəkəsində  azərbaycanlıların aktivliyi artıb:

“Hətta bəzi dövlət qurumları nazir müavinləri səviyyəsində məmurlar bu sosial şəbəkədə təmsil olunur. Azərbaycanda məmur və millət vəkilləri arasında yaşlılar üstünlük təşkil etdiyi üçün onların texnologiyalara yaxınlıq səviyyəsi də müxtəlifdir. Aidiyyatı dövlət qurumları texnologiyalara yaxın olmayan məmurlar, millət vəkilləri üçün müəyyən mənada aktivliyin dəstəklənməsi üçün təlimlər keçirməlidir. Bizdə sosial şəbəkədə aktivliyin idarə olunması üzrə  SMM-lər var. Ancaq onların özləri də bu sahədə peşəkar, professional fəaliyyət göstərmirlər. Ona görə də, məmurların bu sahədə peşəkarlığını artırmaq üçün ilkin biliklər verilməli, sosial şəbəkələrin üstünlükləri göstərilməlidir”.

Məsələ ilə bağlı   beynəlxalq media qurumlarında fəal jurnalist, aktiv sosial şəbəkə istifadəçisi Vüqar Ağamalıoğlu da bu sahədə görülməli olan işlər barədə saytımıza danışıb.

V. Ağamalıoğlu hesab edir ki, hazırda deputatlara sosial şəbəkələrlə bağlı treninq keçilməlidir:

“Onlar millət vəkili kimi fəaliyyət göstərsələr də, ölkədə sosail şəbəkələrdə baş verənlərdən xəbərsizdirlər. Elə qonşu ölkə Türkiyədə millət vəkillərinin əksəriyyətinin Tvitter hesabı mövcuddur və onlar aktiv paylaşımlar edirlər. Biz bu deputatlardan sosial şəbəkələrdə aktiv olmaqlarını gözləməklə bəzən düşünürəmki xəyal qururuq. Heç fikrini belə düzgün ifadə edə bilməyən deputatlarımız kifayət qədərdir”.

V. Ağamalıoğlu bildirib ki, ölkədə informasiyalı və savadlı deputat barmaqla sayılacaq qədərdir:

“Ancaq unutmamalıyıq ki, millət vəkilləri mühüm qərarların qəbul olunmasında rol oynayırlar. Maraqlıdır ki, bu vəzifədə oturan insanlar özləri də heç bir məsuliyyət hiss etmirlər?! Artıq hər gün yeni informasiyaların artdığı dövrdə bu deputatlar cəmiyyətə faydalı olmayacaqlar. Növbəti seçimlərdə xalqın daha savadlı və informasiyalı deputatları seçməyi mühüm addım olardı”.

Firuzə Vahid / REDAKTOR.AZ