Banklar niyə müştərini "YÜKLƏYİR"? -"Vətəndaşı qorumayan qanun dəyişməlidir"

 10:15 21.11.2019     807

Müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. 

Redaktor.az bildirir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib.

İqtisadçı hesab edir ki, müflisləşmiş banklar ilə bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır:

“Son aylar bu məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərin əvəzlənə bilməsi ilə əlaqədardır. Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflisləşən bankların birində 10 522 dollar əmanəti, 13 800 manat isə kredit öhədliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmilləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanətini ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank və daha doğrusu müflisləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də, onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də, onu əmanəti ilə əvəzləşdirə bilmir”.

V. Bayramov bildirib ki, bu, vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyinin heç bir məsuliyyətinin olmaması deməkdir:

“Amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluqla bağlıdır. Vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir. Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən, onun dəyişdirilməsinə ehtyac var. Buna görə də, biz təklif edirik ki, fiziki şəxslərin öhədlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13 800 manat olubsa, o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparılmalıdır. Belə ki, vətəndaşın bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa, onların da əvəzlənməsinə imkan yaradılmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ