Milli Məclisin komitə iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur

 15:27 22.11.2019     245

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir.

Redaktor.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılır.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb.

Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüdlüdür. O, Apellyasiya Məhkəməsinin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

Üçüncü xanım namizəd Kəmalə Əliyeva isə Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun Hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Parlamentin plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.//Report.az