Nazirlər Kabineti prekursorların alınması və satılmasına dair qayda hazırlayacaq

 17:45 22.11.2019     170

Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarını müəyyən edəcək orqan məlum olub.

Redaktor.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1684-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamda əksini tapıb.

Beləliklə, Nazirlər Kabineti Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarını üç ay müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, prekursorlar narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və onların duzlarıdır.