“İcbari tibbi sığorta mərhələli şəkildə həyata keçiriləcək” - Agentlik sədri

 17:18 25.11.2019     459

“Prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşmələrinin köklü şəkildə dəyişməsini nəzərə alaraq, Agentlik 2020-ci ildə hökumət və Milli Məclis qarşısında icbari tibbi sığortanın mərhələli tətbiqini təklif edib”.

Redaktor.az-ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, mərhələli tətbiq ondan ibarətdir ki, 2020-ci ildə respublika üzrə 4 mərhələli bir proses olacaq: “ Azərbaycanın bölgələri 4 hissəyə bölünür. Şimal, qərb, cənub, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu. Birinci rübdə şimal hissəsində 20 rayonun icbari tibbi sığorta prinsiplərinə tam işləməsi nəzərdə tutulur. İkinci rübdə qərb bölgəsində 17 rayon, üçüncü rübdə cənub bölgəsinin 14 rayonun prosesə qoşulması planlaşdırılır. Dördüncü rübdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun prosesə qoşulması nəzərdə tutulur. Bu şəkildə 2020-ci ilin sonuna qədər bütün ölkədə icbari tibbi sığortanın tətbiqi planlaşdırılır”. 

Qeyd edək ki, ölkə Prezidentinin sərəncamı ilə icbari tibbi sığortanın 2020-ci il yanvarın 1-dən ölkə üzrə tətbiqi nəzərdə tutulurdu. //Apa.az