Azərbaycanda e-ticarətin pərakəndə dövriyyədə payı azdır - Vüsal Qasımlı

 10:58 26.11.2019     264

Azərbaycanda elektron ticarətin (e-ticarət) artım sürəti ildə iki dəfəyə yaxın olsa da, pərakəndə dövriyyəsində payı 0,2% təşkil edir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15%-ə çatır.

Redaktor.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “World E-Commerce Eurasia 2019” forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, dünyada elektron ticarətin həcmi 2018-ci ildə 3,53 trln. ABŞ dollarından 2022-ci ildə 6,54 trln. dollara çatacaq.

"İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7% ola bilər. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir", - deyə V. Qasımlı qeyd edib.

Mərkəzin icraçı direktoru əlavə edib ki, elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur.

"Azərbaycanda Azexport.az portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur.  “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. Azexport “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan  məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb", - deyə V. Qasımlı bildirib.

V. Qasımlı qeyd edib ki, Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40%-dən çox artıb.