Prezidentin bu qərarı TAM DOĞRU İDİ - Keçmiş Maliyyə naziri keçənlərdən danışdı

 14:40 30.11.2019     1669

Kadr islahatlarına ümumi islahatlardan təcrid olunmuş proses kimi baxmaq lazım deyil.

Sabiq maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin apardığı son kadr islahatlarına münasibət bildirib.

Sabiq nazir hesab edir ki, kadr islahatları prosesin ən vacib qanadıdır:

“İslahatların müstəvisinə yuxarıdan nəzər salsaq, maraqlı prosesləri görmə şansımız olar. Belə ki, uzun müddət vəzifədə çalışanların uzaqlaşdırılması, eyni zamanda yeni peşəkar kadrların işə gətirilməsi, strukturların fəaliyyət mexanizmlərini dəyişməsi, bəzi strukturların ləğv edilməsi, bəzilərinin birləşdirilməsi, idarəetməyə yeni nəfəs verilməsi bunlar arasındadır. Bu fonda parlamentin buraxılması ölkədə bütün sahələrdə kompleks islahatların getdiyini göstərir. İslahatların nəticə verməsi isə kadrlardan asılıdır. Hər halda peşəkar, bacarıqlı, dövlətə, dövlətçiliyə bütün varlığı ilə xidmət edən kadrlar ortada olmasa, vəzifələr onlara həvalə edilməsə, islahatlardan gözləntilərin doğrulması çətin olar. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilmə səbəblərinə baxaq. Bu qurumun yaradılmasının hələ 4 ili tamam olmamışdı.Qurum yaradılanda iqtisadçı və maliyyəçi kimi ümidlərim böyük idi. Ancaq nəticə gözlənildiyi kimi olmadı. Qurumun başında dayanan şəxsin savadı və tamahı qətiyyən bir-birinə uyğun gəlmədi. Nəticə etibarı ilə palatada maraqlarla bağlı olan situasiya yaradıldı. Bu qurum bank sektorunda islahatlar aparmaq, 2015-ci ildə bank sektorunu düşdüyü ağır durumdan çıxartmaq əvəzinə, bu sektordakı vəziyyəti bir az da dərinləşdirdi. Qurumun başında duran adam hesab edirdi ki, hansısa bankın lisenziyasını almaqla onun vəzifəsi bitmiş hesab olunur. Bu və bunun kimi bir çox məqamlar onu deməyə əsas verir ki, palatanın praktik olaraq fəaliyyətinin böyük əksəriyyəti əks-effekt verməyə xidmət etdi. Buna görə də, son nəticədə prezident bu qurumu ləğv etmək qərarına gəldi. Bu cür misallar yenə də çəkmək olar”.

F. Yusifov PA-da iqtisadiyyat məsələləri üzrə iki şöbənin fəaliyyət göstərəcəyinin daha effektiv olacağını düşünür: 

“Bu məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Bu gün Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi, inkişafı və iqtisadiyyatın 4-cü sənaye inqilabı müstəvisində real sektora transformasiya edilməsi ilə bağlı çox ciddi hədəflər var. Prezident artıq illərdir ki, bunu deyib və bəyan edib ki, biz neftdən olan asılılığı bitirməliyik. Yəni Azərbaycan yalnız neftə güvənməməlidir, elə hesab etməliyik ki, neft yoxdur. İqtisadi strategiyanı əsas götürərək bu hədəflərə çatmalıyıq. Çünki hamı bilir ki, neft bu gün var, sabah yoxdur. Neftin qiyməti siyasi və digər motivlərdən asılı olaraq, enə və qalxa bilər. Bütövlükdə tendensiya ona doğru gedir ki, dünyada alternativ enerji mənbələri çox böyük sürətlə inkişaf edir. Nəticə etibarı ilə onsuz da neft erasının bitməsi daha da sürətlənib. Ölkə başçısı da bunların hamısını dəyərləndirir. Buna görə də onun müəyyən etdiyi iqtisadi strategiyanın başlıca hədəfi ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Bunun alternativi yoxdur və ola da bilməz. Biz ümumdaxili məhsulumuzun strukturunda son 10 illər ərzində bir xeyli irəliləyiş əldə etmişik. Bu strukturu real sektorun xeyrinə dəyişə bilmişik. Amma burada əsas problem qeyri-neft sektorunda ixracın, yerli istehsalın həcmini artırmaqdır. Biz bu malları istehsal edib öz daxili bazarımızın təlabatını ödəməklə, həmin malların xaricdən alınıb gətirilməsi üçün xaricə axan valyutaların qarşısını alacağıq. Bu gün bir ölkənin iqtisadi güclü olması həmin ölkənin bütövlükdə güclü olması deməkdir. Nəticə etibarı ilə bu, ölkənin beynəlxalq siyasi müstəvidə çəkisinin kifayət qədər böyük olmasına səbəb olacaq”.

Sabiq nazir hesab edir ki, prezident islahatların müəllifi kimi ciddi nəticələr əldə etməyi hədəfləyib:

“Bu gün prezident bu məqsədlərə çatmaq üçün ölkədə əsaslı islahat aparır. Baş verənlər bizim gözümüzün qabağındadır. 

Firuzə Vahid / REDAKTOR.AZ