Köhnə kadrların birdən-birə əvəzlənməsi - Gedənlərdən TƏXRİBAT GÖZLƏNİLİR?

 13:53 02.12.2019     2627

Azərbaycan dövlətçiliyi yeni eraya qədəm qoyur.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında son islahatlardan sonra YAP daxilində ola biləcək təxribatlara münasibət bildirib.

Politoloq hesab edir ki, Azərbaycanda bu gün baş verən struktur islahatlarında təəccübləndirici məqam olmamalı idi:

“Çünki struktur islahatları istənilən ölkədə daim baş verə bilər. Sadəcə olaraq, Azərbaycanda uzun müddət nazir vəzifələrində qalmış şəxslərin indi hakimiyyətdən getmələri və birdən-birə hamısının eyni il ərzində vəzifələrindən uzaqlaşdırılmaları ajiotaja səbəb ola biləcək amillərdəndir. Modernləşən və qloballaşan dünyada siyasi proseslərin, dövlət idarəçiliyinin dəyişdiyi dünyada struktur islahatlarına ehtiyac var idi. Bu islahatlar əslində bir müddət əvvəl başlamalı olsa da, prosesin bir qədər gecikməsinə də səbəblər mövcud idi. Biz artıq 2019-cu ilin yanvarından ölkədə sosial, iqtisadi siyasətdə dəyişiklik və struktur islahatlarının şahidi olduq. Dövlət idarəçiliyində təcrübəsi olan və müasir idarəçilik standartlarına cavab verməyən şəxslərin yeniləri ilə əvəzlənməsi prosesi baş verdi”.

Z. Məmmədov yeni gələnlərin idarəetməni bacarıb-bacarmayacaqları ilə bağlı suala da aydınlıq gətirib:

“Təbii ki, yeni gələnlər də professional olmalıdır. Yalnız bu halda onlar idarəetmədə uğurlara imza ata bilərlər. Bu istiqamətdə biz uğurlu və o qədər də uğurlu olmayan misallar da çəkə bilərik. Xüsusilə qeyd etməliyik ki, kimin gəlməsindən asılı olmayaraq, istər millət vəkillərində, istərsə də nazirlərdə əsas vətən və dövlətçilik təəssübkeşliyi olmalıdır. Əks halda, biz vəziyyətin  irəliləməsini görə bilmərik”.

Politoloq parlamentin buraxılmasına da münasibət bildirib:

“Parlament seçkilərinin bu qədər vaxta buraxılması indiki şəraitdə ən optimal variantdır. Buna bir neçə səbəb var. Ən önəmlisi struktur islahatları tezləşdirilib və onun sürətləndirilməsi üçün mütləq şəkildə parlamentdə də artıq yeni simaların və siyasətçilərin olması vacib idi. Nazirlər Kabinetinin və Prezident Adminstrasiyasının yenilənməsi avtomatik olaraq, parlamentin də yenilənməsinə gətirib çıxartmalıdır. Biz yaxın vaxt ərzində bunun da şahidi olacağıq. Yenilənmə eyni zamanda hakim partiya olan Yeni Azərbaycan Partiyasından olan millət vəkillərinin simasında da olacaq. Yaşlı və artıq nitq söyləməkdə belə çətinlik çəkən, hər çıxışları cəmiyyətdə ajiotaj doğuran, prezidentin siyasətinə, çıxışlarına kölgə salan millət vəkillərinin yerinə daha yeni simalar gələcək”.

Politoloq vurğulayıb ki, müxtəlif şaiyələr dolaşmasına baxmayaraq, bugünkü Azərbaycanın xarici və daxili vəziyyəti sabitdir:

“Bir çox müxalifət dairələrinin şərhləri və gözləntilərinin əksinə olaraq, bu gün Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ və Azərbaycan-Aİ münasibətləri yüksək səviyyədədir. Görünən odur ki, prezidentin başçılığı altında davam edən islahatlar rəğbətlə qarşılanmaqdadır. 2020-ci ildən başlayaraq, Azərbaycanın yeni idarəçilik sisteminə keçməsi bütün dövlət orqanları və qurumların idarəçilikdə şəffaflaşdırılmış sistemə keçidi ilə bağlıdır. Son sosioloji sorğular da əvvəllər kürsüdə oturan nazirlərdən və millət vəkillərindən narazılıq olduğunu göstərir”.

Z. Məmmədov vəzifədən gedənlərin, YAP-dan incik olanların təxribat törətmə ehtimalından da danışıb:

“2014-cü ildən bu yana bir çox gedənlər olub.Hər bir halda, kimlərinsə təxribat törətmək ehtimalını kənara atmamalıyıq. Bu, kifayət qədər ciddi versiyadır. Siyasətdə hər bir nüansa kifayət qədər ciddi yanaşılmalıdır. Görünən budur ki, vəziyyət tam olaraq nəzarət altındadır. Biz artıq nəsillərin dəyişməsini və yeni nəslin idarəçiliyini yaxın vaxtlarda görəcəyik”.”.  

Firuzə Vahid / REDAKTOR.AZ