MM-in buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxılır

 10:15 04.12.2019     354

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Redaktor.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Prezidentinin Azərbayxan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli  “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılır.

İclasda məruzəçi-hakim Rafael Qvaladze, iclas katibi Fəraid Əliyev, sorğu verən tərəfin nümayəndəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri - Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur. 

***

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, iclasda Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılacaq.

Qeyd edək ki, dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuda bildirilib ki, Milli Məclis deputatların səs çoxluğu ilə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib. Qeyd edilən qərar ilə Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.

Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb, nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub. Bu baxımdan da, qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Müraciətdə qeyd olunub ki, Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl, hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının Konstitusiyanın 981-ci maddəsinə uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zərurəti yaranıb. Prezident qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Konstitusiya Məhkəməsindən xahiş edib ki, yaranmış vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisi buraxmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmayacağı barədə qərar qəbul etsin.

Konstitusiya Məhkəməsinin Palatasının dekabrın 2-də keçirilən iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun bu gün saat 12:00-a iclası təyin edilib.//Apa.az