Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilir

 11:19 04.12.2019     485

Bu gün “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 2-ci Xəzər İnnovasiya Konfransı işə başlayıb.

Redaktor.az-ın məlumatına görə, konfrans “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

Konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell”in tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə “Əşyaların interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının “Süni intellekt”, “Rəqəmsal startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

Ötənilki Xəzər İnnovasiya Konfransı “Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı” mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

Qeyd edək ki, innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.