BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb - AQTA sədri

 13:17 04.12.2019     33

"Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir".

Redaktor.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir:

"Digər məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək".

Sədr bildirib ki, KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi.

Qeyd edək ki, noyabrın 21-də BDU-nun yataqxanasında qalan 3 tələbə qız zəhərlənib. Nəticədə 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xəstəxanada müalicə olunan tələbələr noyabrın 27-də evə buraxılıblar.//Apa.az