Silahlı Qüvvələrimizdə də İSLAHAT APARILMALIDIR - Əgər bu olmasa...

 13:07 05.12.2019     767

Prezident ölkənin bütün sahələrində köklü islahatlar və yenilənmə kursunu elan edib.

Dünya və regionda artan gərginlik, haqqın gücü yox, gücün haqqı və nüfuzu hökm sürdüyü şəraitdə torpaqlarımızın işğalda qalması Silahlı Qüvvələrimizin qarşısına çox yüksək tələblər qoyur.

Bəs, ölkədə müxtəlif sahələrdə gedən islahatlar Silahlı Qüvvələrimizdən yan keçəcəkmi?

Redaktor.az xəbər verir ki, hərbi icmalçı Nazim Bayramov məsələyə münasibət bildirib.

N. Bayramov hesab edir ki, bu zəruri yenilənmə Silahlı Qüvvələrimizdən də yan keçməyəcək:

“Silahlı Qüvvələrin güclənməsi ümummilli vəzifələrimizdən biridir. Qədimdə ordu rəiyətdən toplanan vaxtlar, ordu tək padşahın və vəzirlərin işi olub. Fransız İnqilabı ilə dünyaya gəlmiş milli dövlətçilik sistemində ordular səfərbərlik əsasında azad vətəndaşlardan çağırılır və daimi, nizami saxlanır. Bu, əvvəllər müharibədən müharibəyə toplanan ordulardan fərqli idi. Bu baxımdan müasir ordu cəmiyətin ayrılmaz hissəsidir. Ordunun millətlərin formalaşmasında oynadığı rolu həlledici olmuşdu. Bu, ayrı dərin bir mövzudur. Dahi alman hərbi nəzəriyəçisi və mütəfəkkiri Klauzevits müharibə hazılığı şərtlərindən biri kimi “ordu-xalq” birliyini göstərir. Nəzəriyədə bu birlik xalqın öz ordusundakı nöqsanlara göz yumması kimi anlaşılmır. Orduya şüurlu münasibət və qarşılıqlı canlı vəhdət kimi izah olunur”.

N. Bayramov qeyd edib ki, ölkə başçısının ictimai nəzarətə çağırışını məhz bu cür sağlam qəbul edərək və bu çağırışa qoşularaq, ehtiyatda olan zabitlər və keçmiş döyüşçülər ordumuzun inkişafına öz töhvələrini verirlər və bu sahəni fəallaşdırmağa çalışırlar.

Hərbi ekspert Tərlan Eyvazov da məsələyə münasibət bildirib.

T. Eyvazov hesab edir ki, iş olan hər bir sahədə nöqsanların olması qaçılmaz deyil:

“Bu sahədə çox fəal olan QHT-lər getdikcə sıxışdırılması, bəzi fəallar dünyasını dəyişməsi, bəzilərin isə təzyiqlərə dözməyərək xaricə köçməsi bu vacib sahədə durğunluğun yaranmasına səbəb olub. Nəticədə özünü bu sahənin bilicisi kimi göstərən Qalib kimi yaramaz, cinayətkar ünsürler, xaricdə sıģınacaq tapır, siyasi oturum almaq naminə oradan sosial səbəkələr vasitəsi ilə ölkəmizin, ordumuzun ünvanına böhtanlar, çirkablar yağdırırlar. 

Ordunu, onun səxsi heyyətini müxtəlif neqativ hallardan qorumaq üçün məsləhətlər verilir, nümunələr gətirilir. Belə nümunələr ABŞ, Kanada, Fransa, Almaniya və sair qabaqcıl ölkələrin ordularından gətirilir. Yəni bu orduların komandanlığı bu sahə ilə məşģul olan QHT sektoru ilə daim işləyir, öz tabeliklərində olan qurumların nöqsanlarını aradan qaldırmağa səy göstəririrlər. Yəni heç bir ordu, ölkə nə qədər qabaqcıl, demokratik olsa belə, bu nöqsanlardan xali deyil. Bizdə isə təəsüflər olsun ki, hərbi sirri yaymamaq qanunu bəhanə edilərək, ictimai nəzarət yaxına buraxılmır. Bu sahəyə nəzarət etməli olan parlament isə ümumən öz zəifliyini etiraf ederek, baş verən yeniliklərlə ayaqlaşmadığı ücün özünü buraxmaq məcburiyyətində qaldı”.

T. Eyvazov bildirib ki, çatışmazlıqlar şikayətçi olan yüksək rütbəli zabitlərin açiq media vasitəsi ilə birbaşa ölkə prezidentinə müraciət etməsi ilə nəticələndi:

“Bundan isə bizlər ziyan, hər işimizi diqqətlə izləyən düşmənimiz xeyir görür. Ümid edirəm ki, aparatda baş verən bu mühüm, vacib dəyişikliklərdən sonra, bu sahəyə aidiyyati şəxslər tərəfindən diqqət artırılacaq, bu problemlər tezliklə həllini tapacaq. Həmişə olduğu kimi vətənin, dövlətin sadiq əsgərləri olan biz keçmiş hərbçilər, döyüşçülər bunun üçün veriləcək bütün tapşırıqları yerinə yetirməyə hazırdır”.

Firuzə Vahid / REDAKTOR.AZ