"Magistraturaya qəbulun bir mərhələli olması ilə bağlı müzakirələr aparılır"

 12:37 05.12.2019     221

"Təhsil Nazirliyinin təşəbbüsü ilə magistraturaya qəbulla əlaqədar təhlillər aparılıb. Gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün magistraturaya qəbul prosedurlarının bir mərhələli keçirilməsi ilə bağlı müzakirələr aparılır".

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələ ki, Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən qaydalar təsdiqlənməyib:

"Biz müzakirələr aparıb öz təkliflərimizi vermişik. Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə bizə həvalə ediləndən onun bir mərhələli keçirilməsini təklif etmişdik. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Artıq yeni təklif Təhsil Nazirliyi tərəfindən universitetlərlə müzakirə edib. Universitetlər də birinci mərhələdə olan nəticələr əsasında magistrləri qəbul etməyə razıdır".

M.Abbaszadə qeyd edib ki, müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq:

"Bunlar yazı işi tələb olunan ixtisaslara bağlıdır. Daha dəqiqi, texniki məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür. Hər halda bütün bunlar magistr olmaq istəyən gənclərin xeyrinədir. Çünki imtahanlar asanlaşır. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yəni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır".

Məleykə Abbaszadə əlavə edib ki, birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləği təhlillərdən sonra aidiyyəti qurumlara təqdim ediləcək:

"Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik tərəfimizdən belə bir təklif olmayıb".//Apa.az