Kimlər seçkilərdə iştirak edə bilməz? - Qanun deyir ki...

 12:30 10.12.2019     747

Növbədənkənar Milli Məclis seçkilərinə start veriləndən sonra, mübahisə yaradan məsələlərdən biri, hər hansı səbəbdən ağır cinayətdə suçlanaraq həbsdə olmuş siyasətçilərin bu seçkidə namizəd olub-olmamamsı məsələsidir. Xüsusilə, onların üzərindən məhkəmə qaydasında məhkumluq götürülməmişdirsə, bu şəxslərin namizəd olmaları məsələsi ciddi müzakirə mövzusudur.

Maraqlıdır, əslində necə olmalıdır?

Redaktor.az bildirir ki, hüquqşünas Ələsgər Əhmədoğlu məsələyə münasibət bildirib.

Ə. Əhmədoğlu hesab edir ki, bu məsələdə çox maraqlı və hüquqi baxımdan ciddi mübahisə yaradacaq məqam var:

“2016-cı il referendumundan sonra düşünürəm ki, birmənalı şəkildə şəxslərin namizəd olma hüququnu məhdudlaşdırmaq yolverilməzdir. Belə ki, Konstitusiyanın 85-ci maddəsi çox aydın bir ifadədən istifadə edib: “Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.” Burda “seçkilərdə iştirak etmək hüququna malik olmaq” 2016-cı ildə Konstitusiyaya əlavə edilib”.

Ə. Əhmədoğlu “seçkilərdə iştirak etmək hüququna malik olmağ”ı necə müəyyən etməli olduğumuza da aydınlıq gətirib:

“Konstitusiyada bir hüquqdan bəhs edilirsə, həmin hüququ tənzimləyən normaya baxmaq zəruridir. Çünki, Konstitusiyada olan hüququ və onun məhdudiyyətini ondan aşağı normada (Seçki Məcəlləsində) axtarmaq legitim yanaşma deyil. Məhz buna görə, Konstitusiyanın 56-cı maddəsinə (Seçki hüququ) baxmaq zəruridir. 56-cı maddənin 1-ci hissəsi seçki hüququnu, 2 və 3-cü hissəsi məhdudiyyətləri göstərib.

Maddənin adı seçki hüququ olduğuna görə, bu həm aktiv seçki hüququnu, həm passiv seçki hüququnu əhatə edir. 1-ci bənddə “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”- deməklə də, hər iki hüququ (aktiv və passiv) əhatə etdiyini göstərir. 2-ci bənddə məhdudiyyəti: ”Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur”- deməklə ağır və ya xüsusilə ağır cinayətdə məhkum olumuşlara dair bir məhdudiyyət nəzərdə tutmayıb, sadəcə məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsizliyi önə çıxarıb. 3-cü bənddə isə “Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər”-deyir. Göründüyü kimi, burdakı ifadə azadlıqdan mərhum edilmiş şəxs deyəndə seçki zamanı həbsdə olan şəxsləri qəsd edib və ağır və ya xüsusilə ağır cinayət təsnifləndirməsinə, keçmiş məhkumluğa getməyib. Belə olan halda, Seçki Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətdə məhkum olunmuş və cəzasını çəkmiş, yaxud hər hansı səbəbdən azadlığa çıxmış şəxslərin seçkiyə girişinə məhdudiyyət qoymaq, açıq şəkildə Konstitusiyaya, xüsusilə 2016-cı il referendumundan sonra gətirilən normaya ziddir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən 71-ci maddənin 9-cu bəndi də bu arqumenti açıq şəkildə dəstəkləyir. “IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”. Burada “qanunla” dedikdə həm də qanunların legitim əsaslarla formalaşmış qanunlar olmasını nəzərdə tutur. 71.1 də bunu aydın ifadə edib. Beləliklə, namizədliyi bu səbəbdən qeydə alınmayan şəxslər indidən Konstitusiya məhkəməsinə hazırlaşsınlar”.

Firuzə Vahid / REDAKTOR.AZ