Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

 11:41 10.12.2019     191

Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti icraata verilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə zərərçəkənin hüquqi varisinin nümayəndəsi Emin İsayev bildirib. Onun sözlərinə görə, şikayətləri üzrə məhkəmə dekabrın 20-də saat 11-də hakim Kamran Əkbərovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. 

Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.//Apa.az