Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub

 12:45 10.12.2019     183

“Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqlardan bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır”.

Redaktor.az-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib:

“Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak etmiş 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər”.

S. Heydərov qeyd edib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub:

“Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmdə olacaq”.//Apa.az