İcbari tibbi sığortanın tətbiqi üçün büdcədən ümumilikdə 900 milyon manat köçürüləcək

 16:49 11.12.2019     246

“Hər bir Azərbaycan vətəndaşına icbari tibbi sığorta üçün dövlət tərəfindən 90 manat ayrılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə dövlət tərəfindən ümumilikdə 900 milyon manat köçürüləcək”. 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, bu vəsaitlə xəstəxanalara verdikləri tibbi xidmətə görə ödəniş ediləcək: “90 manat verilməsi o demək deyil ki, o, yalnız bu məbləğdə xidmət alacaq. Həmin şəxs xidmətlər zərfində öz əksini tapan xidmətlərin hamısından limiti olmadan istifadə edə bilər. İşsiz vətəndaşlar, 18 yaşadək və  əyani təhsil alan 23 yaşadək şəxslər, təqaüdçülər, kənd təsərrüfatı ilə məşğul  olan fermerlər, sosial müavinət alan insanlar heç bir ödəniş etmədən icbari tibbi sığorta çərçivəsində xidmət alacaqlar”. 

Şöbə müdiri bildirib ki, icbari tibbi sığorta sosial layihədir: "İşləyən insanların əməkhaqlarından tutulan xidmət haqqı il bitəndə gələn ilin büdcəsinə keçəcək. Bu da imkan verəcək ki, həmin büdcə hesabına kadr potensialını, xəstəxanaların maddi-texniki bazasını yaxşılaşdıraq. Yanvarın 1-dən bütün təminat agentliyin üzərindədir. Aprelin 1-dən isə icbari tibbi sığorta haqqı tutulacaq".//Apa.az