Rusiyada yaşayan azərbaycanlı milyarderlər FƏALLAŞIR - Yeni SİFARİŞ

 12:59 13.12.2019     2930

Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov bu günlərdə özünün "Facebook" səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair “yol xəritəsi” ilə çıxış edib.

Azərbaycanlı milyarder öz yazısında Azərbaycanın siyasi arenasındakı mövcud durumunu təhlil etməyə çalışıb.

Fərhad Əhmədovun sözügedən təhlil yazısı Azərbaycanda birmənalı qarşılanmayıb.

Redaktor.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

Politoloq hesab edir ki, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun parlament seçkisiylə bağlı geniş və maraqlı təhlilinin hazırlanmasında ya bir qrup peşəkar analitik iştirak edib, ya da bu yazı hansısa beyin mərkəzinin məhsuludur:

“Bununla demək istəmirəm ki, Fərhad Əhmədov belə bir analiz hazırlaya bilməzdi. Sadəcə, böyük şirkətləri olan milyarderlər vaxt azlığı ucbatından adətən analitik yazılar yazmırlar, tezisləri peşəkarlara verirlər və daha sonra son məhsula imza atırlar. Ən maraqlısı odur ki, bugünə qədər Azərbaycandakı daxili siyasi proseslərə o qədər də qarışmayan varlı həmyerlimiz analitik yazısında “Parlamentdə müxalifət niyə lazımdır?” tezisini ən kiçik detallarına qədər elmi surətdə geniş izah edib. Bir də o maraqlıdır ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlər nə hikmətdirsə, seçkidən-seçkiyə siyasi baxımdan fəallaşır, ya seçki ərəfəsində “birliklər” yaradırlar, ya da analitik yazılar yazmağa başlayırlar”.

Politoloq Məhəmməd Əsədullazadə də məsələ ilə bağlı saytımıza danışıb.

Politoloq hesab edir ki, ölkəmizdə hər seçki öncəsi Rusiyada yaşayan azərbaycanlı əsilli bəzi iş adamlarının siyasi platforma və siyasi təkliflərlərlə çıxış etməsi yolverilməzdir:

“Hər beş ildən bir belə şəxslərin ortaya çıxması siyasətçilərə, dövlətə yol göstərməsi nə oların siyasi savadına, nə də dünya görüşünə uyğundur. Sadəcə onlar Rusiyanın müəyyən dairələrinin ölkəmizin daxili işlərinə qarışmaq siyasətini həvəslə həyata keçirirlər. Milyaderlər İttifaqının yaradılması və digər siyasi oyunbazlıqlar birbaşa Rusiyanın və daxildə “5-ci” kolonun sifarişidir. Təəssüf ki, iqtidarda və ənənəvi müxalifətdə Rusiyanın bu sifarişlərini reallaşdırmaq istəyən şəxslər qalmaqdadır”.

Politoloq vurğulayıb ki, Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovun “siyasi yol xəritəsi” heç də Azərbaycanı sevməkdən irəli gəlmir:

“Rusiyanın hesabına milyardlar qazanasan, birbaşa Kremllə əlaqədə olasan, belə bir vəziyyətdə Azərbaycanın demokratikləşməsi üçün yol göstərmək birbaşa sifarişli ölkənin siyasi proseslərində suyu bulandırmaqdır. Rusiyadan Azərbaycana demokratik açılımla bağlı göndərilən planlar manipulyasiyadır və milli təhlükəsizliyimiz üçün təhdiddir”.  

 Firuzə Vahid / REDAKTOR.AZ