Ticarət obyektlərinin sığortalanması ilə bağlı CİDDİ PROBLEMLƏR VAR
Daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı ciddi problemlər var.
Redaktor.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli son zamanlar ölkədə ticarət mərkəzlərində baş verən yanğın hadisələrinin iqtisadiyyata təsirlərinə münasibət bildirib.
N. Cəfərli hesab edir ki, bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır:
“Yəni, obyektlərin sahibi başqa insanlar (çox zaman məmurlar) olur və onlar da icarəyə verirlər. Ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyə verənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır. Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyə verənlə, icarəyə götürən arasında münasibətlərin təmzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyə verənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır”.
N. Cəfərli müqavilələrin imzalanmamasının səbəblərinə də aydınlıq gətirib:
“Çünki icarə müqaviləsinə görə 14 faizlik vergi müəyyənləşdirilib və bu vergi həddindən artıq yüksəkdir. Ona görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməlidir. İlkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyə verənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.
Firuzə Vahid / REDAKTOR.AZ