Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı MƏLUMAT YAYDI

 16:37 15.01.2020     127

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yanvarın 15-də qurumda baş vermiş ölüm hadisələri haqqında məlumat yayıb.

İnstitutdan Redaktor.az-a verilən xəbərə görə, 1978-ci il təvəllüdlü xəstə 07.01.2020-ci il tarixdə saat 12.50-də ağır vəziyyətdə “Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Aspergillyoz Ağciyər qanaxması” diaqnozu ilə daxil olub və vəziyyəti qiymətləndirilərək Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr və müalicə təyin edilib. Buna baxmayaraq 09.01.2020-ci tarixdə saat 11.30 qanaxma halları təkrarlandığından II Reanimasiya Şöbəsinə köçürülüb. Xəstə 11.01.2020-ci tarixdə reanimatoloq, ftiziatr və cərrah iştirakı ilə şöbədaxili konsiliuma təqdim edilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq 15.01.2020-ci il tarixdə saat 00.10-da profuz qanaxma nəticəsində asfiksiya baş verib, reanimasion tədbirlərə baxmayaraq bioloji ölüm qeyd olunub.

1985-ci il təvəllüdlü xəstə isə 07.01.2020-ci il tarixdə saat 15.40-də ağır vəziyyətdə “Sol ağciyərin infiltrativ vərəmi (VMB mənfi). Sağ tərəfli spontan pnevmotoraksla fəsadlaşma. Xroniki ağciyər-ürək çatışmazlığı II-III mərhələ” diaqnozu ilə daxil olub. Vəziyyəti qiymətləndirilərək Ağciyər Vərəm Cərrahiyyə şöbəsinə yerləşdirilib: “Qeyd edək ki, xəstə 15 ildir narkotik vasitələrin aludəçisidir. Müvafiq müayinələr və müalicə təyin edilib.  Buna baxmayaraq, 14.01.2020-ci tarixdə saat 14.55 xəstənin vəziyyəti daha da ağırlaşdığından II Reanimasiya Şöbəsinə köçürülüb. Aparılan müalicə tədbirlərinə baxmayaraq 15.01.2020-ci il tarixdə saat 00.45-da bioloji ölüm qeyd olunub. Ölümün səbəbi Ağciyər-ürək çatışmazlığı olub. Xəstələrin qohumları tərəfindən müdiriyyətə və tibbi personala heç bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, yanvarın 15-də səhər saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünyalarını dəyişiblər. Ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib.