Ötən il 1 866 tikinti obyekti şəhərsalma qanunvericiliyinin TƏLƏBLƏRİNİ POZUB

 16:30 24.01.2020     1380

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.

“Onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb. Bununla yanaşı Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib”, -deyə o qeyd edib.//Apa.az