Bakıda bu xəstəxanada bir ayda 19 nəfər ölüb... - Ekspert

 13:13 14.02.2020     647

Yanvar ayı ərzində Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının yaşanması müəyyən narahatlıq və sual yaradıb: Görəsən, Azərbaycanda da koronovirus var? Yoxdursa, Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının kəskin artmasının səbəbi nədir?

Statistika İdarəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, ötən ilin yanvar ayında Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin sayı 6 nəfər olub. Bu ilin yanvarında isə Ağciyər Xəstəlikləri İnstitutuna 50-dən çox ağır xəstə gətirilib, onlardan 19-u ölüb.

Xəstə ölümlərinin səbəblərindən biri kimi xəstəxanada həkim-reanimatoloqların olmadığı göstərilir. Xəstəxananın baş həkimi də müsahibə və açıqlamalarında bunu təsdiqləyib.

Mövzunu Redaktor.az-a şərh edən tibb üzrə professor Adil Qeybulla bildirib ki, Azərbaycanda koronovirusun mövcudluğu ilə bağlı rəsmi açıqlama olmadığı üçün bu xəstəliyə yoluxma olub-olmadığı barədə söz demək çətindir:

“Rəsmi qurumlar belə bir açıqlama vermirsə, heç kəs deyə bilməz ki, Ağciyər Xəstəlikləri İnstitutunda ay ərsində bir neçə dəfə ölüm halının yaşanmasına səbəb nədir. Ağciyər ağırlaşmaları ilə xəstələr bu xəstəxanaya daxil olur. Təbii ki, orada ölüm halları olur. Ancaq bu ölümlərin konkret olaraq nədən olması indifikasiya olmalıdır. Koronavirus ilk dəfə soyuqdəymədən ölənlərin nəfəs yollarındakı yaxmalardan tapılıb. Ən azından bu il ərzində Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin nəfəs yollarından yaxmalar götürüb identifikasiya etmək lazım idi. Deyirlər ki, bizdə hər cür laboratoriya var. Əgər belə laboratoriyalar varsa, ölən xəstələrdən yaxma götürüb araşdırsınlar. Bəlkə elə belə bir yoluxma halı var? Bunu etiraf etmək niyə həyəcan yaradır ki? Əksinə, insanların daha ehtiyatlı olmasına səbəb olar”.

A.Qeybulla bildirib ki, Ağciyər Xəstəlikləri İnstitutunda tez-tez ölüm hallarının yaşanması əslində təbiidir, ancaq istənilən halda ölüm faktları artıbsa, araşdırılmalıdır:

“AXİ-yə adətən ağciyər ağırlaşmaları zamanı gəlirlər. Belə olduğu təqdirdə ölüm halları da olur. Çünki indi vərəmin ağırlaşmış formaları var ki, müalicəyə, indiki dərmanlara tabe olmur. Bu da təbii olaraq xəstənin ölümü ilə nəticələnir. Ancaq bu il belə bir virus yayıldığı ərəfədə ölüm halları ilə bağlı məlumatların getməsi haqlı həyəcan yaradır. Məhz bu səbəbdən orada baş verən ölümlər araşdırılıb məlumat verilməlidir. Hər ölüm halını kəskin pnevmoniya adlandırmaq olmaz. Ölümlərin bir çoxu texniki səbəblərdən də yaşanır. Məsələn, bildirirlər ki, reanimotoloq çatışmır, bu çatışmır, o çatışmır. Bizdə ölümdən sonra müayinələr aparılmadığı üçün ölümlərin də hansı səbəbdən baş verdiyi məlum olmur. Bütün bu ölüm halları araşdırılıb ümumi bir statistika verilməli, təhlil getməlidir”.

Mövzu ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun bu ilin yanvarından tabeliyinə verildiyi TƏBİB-dən isə bildirilib ki, vəfat etmiş hər bir xəstənin ölüm səbəbləri açıqlanır.

Həmçinin əlavə edilib ki, TƏBİB bununla bağlı mətbuat konfransı keçirəcək.